XƏBƏRLƏR

ADU-da “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş

10 may, 2017
Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov və baş müəllimi Rəna Əliyevanın təşəbbüsü, kafedranın təşkilatçılığı ilə “Tanıdım” layihəsi çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş orta məktəb şagirdləri ilə növbəti görüş keçirilib. Artıq 3 ildir ki, uğurla davam edən ənənəvi layihənin əsas məqsədi ADU ilə Bakının orta məktəbləri arasında əlaqələri genişləndirmək, şagirdlərə universitet haqqında geniş məlumat vermək və gələcək ali təhsil məktəbləri üzrə seçimləri haqqında ilkin və daha doğru fikir formalaşdırmaqdır. Görüşdə kafedranın müəllim heyəti, Nizami rayonunda yerləşən 129 və 220 saylı orta məktəbləri təmsil edən müəllim və şagirdlər, həmçinin, adıçəkilən məktəblərdə hal-hazırda təcrübə keçən Təhsil fakültəsinin tələbələri və təcrübə rəhbərləri iştirak edib. Universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduqdan sonra məktəblilər 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin adına açıq muzey ilə tanış olublar. ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) davam edən görüşdə kafedranın müdiri, dosent Sevinc Zeynalova şagirdləri universitetdə görməkdən məmnun olduğunu deyərək görüşün təşkilində dəstək olmuş və köməklik göstərmiş hər kəsə təşəkkürünü bildirib. Daha sonra kafedranın müəllimləri Azadə Xanəliyeva və Safura İsayeva “Simple Past Tense” mövzusunda interaktiv formada kiçik dərs keçiblər. İRK-nın əməkdaşları Nərgiz Axundova və Şölə Eminbəyli şagirdlərə kompleksin strukturu, iş prinsipi və fəaliyyəti, o cümldən burada keçirilən tədbirlər, kurslar haqqında ətraflı məlumat veriblər. Görüşdə iştirak edən 129 və 220 saylı orta məktəblərin şagirdləri ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və mahnılar söyləyiblər. Daha sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, həmçinin digər dil və mədəniyyət mərkəzləri ilə tanış olublar. ADU ilə tanışlıqdan sonra universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev şagirdlərin təəssüratlarını dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Ə.Abdullayev universitetin yaranma tarixindən danışaraq fakültələr və kafedralar haqqında məlumat verib. Universitetdə 6500-ə yaxın tələbənin təhsil aldığını, 22 dilin tədris olunduğunu deyən professor ali təhsil müəssisələrinin öz nümunəvi şagird və tələbələri ilə tanındığını qeyd edib. Təhsil almağın zövqlü proses olduğunu deyən Ə.Abdullayev şagirdlərə harada olmaqlarından asılı olmayaraq Azərbaycanı təmsil etdiklərini unutmamağı tövsiyə edib.