XƏBƏRLƏR

ADU-nun tələbələri “Bahar təravətli ömür” adlı tədbir keçirib

08 may, 2017
Mayın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin Yasamal rayonunda yerləşən  Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə  istehsalat təcrübəsində  olan 441 a və b qrup tələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bahar təravətli ömür” adlı tədbir keçirib. Adıçəkilən məktəbin direktoru Rəna Süleymanova rəhbəri olduğu təhsil müəssisəsi, şagirdlərin uğurları, təcrübədə  olan tələbələr haqqında məlumat verib. Qonaqlar öncə ümummilli lider Heydər Əliyev haqqında videoçarx izləyib. Azərbaycan və alman dillərində  keçən tədbirdə tələbələr və məktəbin şagirdləri Azərbaycan və müasir Azərbaycanın memarı Heydər Əliyevə həsr olunmuş şeirlər oxuyub, mahnılar səsləndirib. Onlar ümummilli liderin tarixi missiyasından, xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Tədbirdə   “Naz eləmə”, “Yallı” kimi rəqslər də nümayiş olunub. “Torpaqlarımızın bütövlüyünü bərpa etmək Azərbaycan gənclərinin əlindədir” deyən  Alman dili kafedrasının müdiri Elxan Yusifov Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru Məmməd İsmayılov isə ümummilli liderin təhsil sahəsinə göstərdiyi qayğıdan, apardığı təhsil islahatlarından danışıb. Tədbirdə çıxış edən Kurrikulum və təhsil siyasəti Departamentinin müdiri Şəfəq Şahməmmədova ADU tələbələrinin istehsalat təcrübəsindəki uğurlarından söz açıb. Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Sonda həmin fakültənin tələbəsi Amil Eldarov universitet haqqında bəstələdiyi  mahnını  ifa edib.