XƏBƏRLƏR

ABŞ səfirliyinin tərcüməçisi ADU tələbələri ilə görüşüb

05 may, 2017
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tərcümə fakültəsinin magistrantı, Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin tərcüməçisi Xəqani Əliyev ardıcıl tərcümə mövzusunda seminar keçmək məqsədi ilə universitetin tələbələri ilə görüşüb. Tərcümə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə  çıxış edən fakültə dekanı Zərinə Aslanova qonağı tələbələrə təqdim edərək onun tərcümə sahəsi ilə bağlı maarifləndirici məlumatlar verəcəyini diqqətə çatdırıb. X.Əliyev tərcümə sənətinin özünəməxsus xüsusiyyətləri və incəlikləri, peşəkar tərcüməçi kimi formalaşmaq üçün lazım olan keyfiyyətlər, tərcümə prosesində etik məqamlar haqqında ətraflı məlumat verib. O, ideal tərcüməçinin geniş dünyagörüşü, tədqiqat və araşdırma, sözlərin məna çalarlarındakı incəliklərə vara bilmək bacarığına sahib olmasının, eyni zamanda ünsiyyət və nitq qabiliyyətinin zənginliyinin zəruriliyini qeyd edib. Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.