XƏBƏRLƏR

ADU-da Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

27 aprel, 2017
Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ana, səsin aydın səhər olar...” adlı tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Z.Əliyeva haqqında danışaraq onun tibb elmi sahəsində qazandığı uğurların ayrıca bir mərhələ təşkil etdiyini qeyd edib. O, Z.Əliyevanın nəinki həkim, eyni zamanda görkəmli ictimai xadim, qayğıkeş ana olduğunu vurğulayıb. Ə.Abdullayev Z.Əliyevanın Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu ve etibarlı silahdaşı olmaqla yanaşı, həm də hər zaman mənəvi dayağı olduğunu söyləyib. Çıxışının sonunda professor Ə.Abdullayev tarixi şəxsiyyətlərin yad olunması mövzusunda keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib. Sonra Yazarlar klubunun sədri Vəzifə Əhmədova “Ana, səsin aydın səhər olar...”  məzmunlu kiçik hekayə ilə çıxış edib. Daha sonra tədbirdə anaya həsr olunmuş müxtəlif şeir, kiçik məzmunlu hekayələr və mahnılar səsləndirilib. ADU tələbələrinin öz istedadları və uğurları ilə hər zaman seçildiklərini vurğulayan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin təşkilatçılarına təşəkkür edərək tədbirdən hər kəsin zövq aldığını bildirib. Tədbirdə çıxış edən şairə-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülarə Munis də tələbələrin istedadını yüksək qiymətləndirib.