XƏBƏRLƏR

ADU-da “Fransız dili bizdə” adlı tədbir keçirilib

21 aprel, 2017
Aprelin  20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə Frankofoniya həftələri çərçivəsində “Le Français chez nous” (Fransız dili bizdə) adlı tədbir keçirilib. Tədbirdə universitetin Təhsil, Filologiya və jurnalistika fakültələrinin tələbələri, Bakı Avropa liseyinin şagirdləri, o cümlədən Azərbaycan Dövlət Musiqili Teatrının balet artistləri bədii konsert proqramları ilə çıxış edib. Onlar iştirakçılara fransız dilində Fransa mədəniyyətinə və incəsənətinə həsr olunan müxtəlif səhnəciklər, mahnılar, rəqslər və şeirlər təqdim edib. Təhsil fakültəsinin dekan müavini Elnarə Putayeva tələbə və müəllim heyətinin birgə hazırladığı bu tədbirdə  iştirak edən fransızdilli tələbələrin dil səviyyələrinin yüksək olduğunu qeyd edib. Azərbaycan Dillər Universitetinin məzunu olduğunu deyən Azərbaycanda Fransız İnstitutunun kurslar üzrə direktoru Ülfət İbrahimov  tədbiri yüksək qiymətləndirib, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirdə Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi Jervez Mate də iştirak edib.