XƏBƏRLƏR

ADU-da “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimetmə mərasimi keçirilib

20 aprel, 2017
Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin təqdimetmə mərasimi keçirilib. Öncə çıxış edən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq hazırlanan kitab haqqında qonaqlara məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə olaraq beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edildiyini və öyrənildiyini diqqətə çatdırıb. Beynəlxalq təhlükəsizliklə bağlı bütün məlumatların kitabda əks olunduğunu deyən S.Həmidov istifadə olunmuş anlayış və terminlərin tam olaraq izah edildiyini qeyd edib. O, milli maraqların əsas götürüldüyü dərsliyin üz qabığı ilə məzmununun bir-birini tamamladığını söyləyib. ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev kitab yazmağın vacibliyini vurğulayaraq bu təqdimatın ən gözəl təqdimetmə mərasimi olduğunu bildirib. Son 10 ildə kitab nəşrinə görə İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) İnkişaf Etmiş Ölkələrdən (İEÖ) ön sırada qərar tutduğunu diqqətə çatdıran professor kitab nəşrinə diqqət ayırmağın əhəmiyyətindən söz açıb. Çıxışının sonunda o, dəvəti qəbul edən hər bir kəsə minnətdarlığını ifadə edib. Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın ərsəyə gəlməsinin professor Ə.Abdullayevin birbaşa dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O, kitabın adının  dəqiqliklə seçildiyini bildirib. Millət vəkili ictimai-siyasi sabitlik, təhlükəsizlik və davamlı inkişafın bir-biri ilə sıx əlaqədə olduğunu söyləyib.  Professor təhlükəsizliklə bağlı məlumatları kompleks şəkildə özündə əks etdirən kitabın həm tələbələr, həm də müəlllimlər üçün səmərəli olacağına əminliyini ifadə edib. Kitab təqdimatına dəvət olunduğunu sevindirici hal kimi qiymətləndirən Milli Məclisin deputatı Fazil Mustafa universiteti elm ocağına çevirməyin vacibliyini söyləyib, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsən Əlibəyli öz çıxışında xarici siyasəti həyata keçirmək üçün böyük işlərin görüldüyünü vurğulayıb. O, nəşr olunan kitabın təhlükəsizlik sahəsində faydalı olacağını qeyd edib. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı ADU-nun onun üçün doğma universitet olduğunu söyləyib, bu ali təhsil müəssisəsində daima demokratik mühitin hökm sürdüyünü diqqətə çatdırıb. O, beynəlxalq təhlükəsizliklə bağlı nəşr olunmuş kitabın digər kafedralara da örnək olacağını və onlara stimul verəcəyini sözlərinə əlavə edib. Milli Məclisin deputatı Asim Mollazadə bilikli və peşəkar azərbaycanlılar yetişdirmək üçün milli dərsliklərin nəşr olunmasının vacibliyini diqqətə çatdırıb. Dünyaya açılmaq üçün müxtəlif dilləri öyrənməyin əhəmiyyətindən danışan A.Mollazadə Azərbaycan Dillər Universitetinin bu işdə böyük rolunun olduğunu qeyd edib. Milli Məclisin deputatı Sahib Alıyev çıxışında böyük və kiçik dövlətlər arasında təhlükəsizliklə bağlı yanaşmalarda müxtəlif fərqlərin olduğunu vurğulayıb. Bu mövzuda ana dilində yazılan kitablara ehtiyac duyulduğunu söyləyən S.Alıyev dərsliyin yazılmasını təqdirəlayiq hal kimi qiymətləndirib. ADU-nun İctimai Nəzarət Şurasının sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yeniliklərə daima dəstək verdiyi üçün professor Ə.Abdullayevə təşəkkür edib. O, kitabın dizayn və struktur baxımından da fərqləndiyini diqqətə çatdırıb, dərsliyin tələbələrin biliklərini dərinləşdirəcəyinə inamını bildirib. ADU-nun İctimai Nəzarət Şurasının üzvü, təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev elektron resurslardan əldə olunan məlumatdan daha çox kitablardan bilik əldə etməyin üstünlüyünü deyib, “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin seçilən kitablar sırasında olacağını vurğulayıb. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova kitabın tələbələrə biliyi yeni formatda təqdimetmə xüsusiyyətinə malik olduğunu xatırladaraq onun əhəmiyyətlilik dərəcəsindən söz açıb.