XƏBƏRLƏR

Dil Xidmətləri Mərkəzi tələbələr üçün tanıtım təşkil edib

14 aprel, 2017
Aprelin 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Dil Xidmətləri Mərkəzinin (DXM) universitet tələbələri ilə tanıtım xarakterli görüşü keçirilib. Görüşdə DXM-nin direktoru Nərmin Şirinli mərkəzin fəaliyyəti haqqında danışıb. N.Şirinli burada 20-dən çox dillər üzrə kursların təşkil olunduğunu bildirib. O, bununla yanaşı mərkəzdə İELTS və TOEFL kurslarının da təşkil olunduğunu diqqətə çatdırıb. Kurslarda dərslərin peşəkar müəllim heyəti tərəfindən tədris olunduğunu vurğulayan N.Şirinli bilik səviyyəsini yüksəltmək, uğurlu karyera qurmaq istəyən hər kəsin mərkəzin imkanlarından faydalana biləcəyini tələbələrin diqqətinə çatdırıb. Kursu bitirən tələbələrin sertifikatla təltif olunduğunu söyləyən N.Şirinli xarici universitetlərlə də əməkdaşlıq etdiklərini qeyd edib. Mərkəz vasitəsilə xarici ölkələrdə təhsil almaq və yay kurslarında iştirak etmək şanslarının olduğunu deyən direktor maraqlanan tələbələrin istənilən vaxt müvafiq məkana müraciət edə biləcəklərini vurğulayıb. Daha sonra mərkəzin əməkdaşları London, Malta və Vyanada təşkil olunan yay məktəbləri və dil kursları haqqında danışaraq xərclər, yaşayış yerləri, təyyarə biletləri, viza sənədləşməsi, transfer, aeroportda qarşılanma və yola salınma, tarixi yerlərə gəzintilərin təşkili və digər məsələlər barədə məlumat veriblər. Görüşün davamında tələbələri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.