XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri “Gənclərin Zəfər yürüşü”ndə iştirak edib

07 aprel, 2017
Aprelin 6-da Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən aprel döyüşlərinin ildönümü münasibətilə keçirilən “Gənclərin Zəfər yürüşü” adlı aksiyada iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə həsr olunan aksiyada beş minədək gənc, o cümlədən YAP-ın gənc üzvləri, ali təhsil müəssisələrinin tələbələri, idarə, müəssisə və təşkilatların kollektivləri və çoxsaylı qonaqlar iştirak ediblər. Aksiya iştirakçıları Dənizkənarı milli parkdakı Saat qülləsinin yanından Dövlət Bayrağı Meydanına qədər yürüş ediblər. Dövlət Bayrağı Meydanında hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni ifa olunub. Aksiyada, həmçinin Nəsimi rayonu ərazisində yerləşən digər ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər. Yürüşdə iştirak edən gənclər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın tezliklə doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminliklərini bildiriblər. Gənclər bu yolda Ali Baş Komandanın əmrinə hazır olduqlarını xüsusi vurğulayıblar. Aprel döyüşləri Azərbaycanın hərb tarixinə şanlı qələbə kimi yazılıb. Ermənistan silahlı qüvvələrinin bölmələrinin kəşfiyyat-təxribat cəhdlərinin qarşısını alan Azərbaycan ordusu sürətli əks-həmlə edərək düşmənə sarsıdıcı zərbə vurdu. Bu döyüşlər nəticəsində Azərbaycan ordusu Lələtəpə, Talış və bir neçə mühüm strateji yüksəklikləri düşməndən azad etdi. Dörd günlük əməliyyat zamanı ümumilikdə iki min hektardan çox ərazi düşmən tapdağında azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinin əhəmiyyəti barədə danışarkən deyib: “Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”.