XƏBƏRLƏR

Ankara Universitetinin professoru ADU-da mühazirə oxuyub

06 aprel, 2017
Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə Türkiyənin Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin Yapon dili və ədəbiyyatı  fənni üzrə professoru və  Asiya-Sakit Okean işləri və araşdırma Mərkəzinin müdiri Ali Mertan Dündar ADU-da təhsil alan amerikalı və azərbaycanlı tələbələrə türk-yapon münasibətləri mövzusunda mühazirə oxuyub.

ADU-da mühazirə oxumaqdan bir Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq qürur duyduğunu deyən A.M.Dündar bundan əvvəl də universitetdə olduğunu sözlərinə əlavə edib. O, hər gəldiyində ADU-nu daha inkişaf etmiş və müasirləşmiş gördüyünü vurğulayıb. Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu söyləyən professor iki universitet arasında daha uzunmüddətli əlaqələrin qurulmasının vacibliyini deyib. O, iki universitet arasında müəllim-tələbə mübadiləsindən danışaraq türkiyəli tələbələrin Azərbaycan haqqında daha çox məlumat əldə etmələrinin vacibliyini vurğulayıb.

ADU tələbələri haqqında danışan A.M.Dündar onların müvəffəqiyyətli olduqlarını qeyd edib. O, ADU-dan məzun olub Ankara Universitetində magistr və doktorantura təhsili alan tələbələrin olduğunu da sözlərinə əlavə edib.