Albaniya Prezidentinə ADU-nun fəxri doktoru adı verilib
17 mart, 2017
Bakıda keçirilən V Qlobal Forumda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Albaniya Prezidentinin universitetdə olmasından məmnunluq duyduğunu söyləyib. Albaniya və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin tarixindən danışan professor Albaniya Respublikasının baş nazirlərinin Azərbaycana səfərindən sonra siyasi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, əlaqələrimizin ikitərəfli və çoxtərəfli siyasi dialoq, mədəni və iqtisadi sahədə əməkdaşlıq üzərində qurulduğunu söyləyib.
Albaniya və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini söyləyən Ə.Abdullayev B.Nişaninin ölkəmizə səfərinin Azərbaycan-Albaniya münasibətlərinin tarixində yeni səhifə açacağını sözlərinə əlavə edib. Ölkələrimiz arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu deyən Ə.Abdullayev Azərbaycan ərazisində qədim Alban dövlətinin mövcud olduğunu xatırladıb.
Hazırda ADU tələbələrinin Şərqi Avropada baş verən tarixi, siyasi və mədəni prosesləri öyrəndiklərini bildirən Ə.Abdullayev onların gənc diplomatlar kimi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Prezident B.Nişani çıxışında ADU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirib. ADU-nun fəxri doktoru adı verilməsinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən B.Nişani bu adın Albaniya və Azərbaycan arasında dostluq və əməkdaşlıq simvolu olacağını sözlərinə əlavə edib. O, ölkələrimiz arasında coğrafi fərqlərin olmasına baxmayaraq, oxşar cəhətlərin olduğunu da deyib. Prezident bu görüşdə ikitərəfli əlaqələri müzakirə etmək şansının yarandığını diqqətə çatdırıb. B.Nişani hər iki ölkənin tələbə mübadiləsini artıracağına və elmi təcrübələrini bölüşəcəyinə əminliyini ifadə edib.
Sonra Albaniya prezidenti tələbələrin suallarını cavablandırıb.
Sonda professor Ə.Abdullayev B.Nişaniyə universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun fəxri doktoru diplomunu təqdim edib.
Qeyd edək ki, Prezident B.Nişani ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.
Onu da əlavə edək ki, tədbirdə “Qarabağ” futbol klubunun albaniyalı oyunçusu Ansi Agolli də iştirak edib.