ADU-da Novruz bayramı qeyd olunub
15 mart, 2017
Martın 14-15-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan musiqili tədbirlər keçirilib. ADU-nun Rəşid Behbudov və Təbriz küçələrində yerləşən tədris binalarında keçirilən tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi milli bayramımız Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib, həmçinin gəlişi ilə təbiəti canlandıran bayramın baharın müjdəçisi olduğu vurğulanıb.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Novruz bayramının xalqımızın əsrlərdən bəri qeyd etdiyi sevimli bayramlardan olduğunu bildirib. Bayram münasibəti ilə universitetin professor-müəllim və tələbə heyətini təbrik edən Ə.Abdullayev onlara xoş yeniliklərlə dolu günlər arzulayıb.
Bayram şənliklərində “Sehrli xalat” adlı Novruz tamaşası nümayiş olunub, universitetin kafedraları tərəfindən hazırlanan şirniyyat xonçaları təqdim edilib, Keçəl, Kosa və Bahar qız personajlarının ifasında səhnəciklər sərgilənib və bayramla əlaqəli digər adətlərimiz yer alıb.
Tədbirlərdə bayramın əsas rəmzlərindən olan tonqal yandırılıb, müxtəlif musiqi nömrələri səsləndirilib və universitetin “Dalğa” rəqs ansamblı tərəfindən rəqs nömrələri nümayiş etdirilib.