XƏBƏRLƏR

ADU-da “Hüqo-Fransız ədəbiyyatının milyarderi” adlı tədbir keçirilib

15 mart, 2017
Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə ADU-nun professoru Əsgər Zeynalovun yaradıcılığına həsr olunmuş “Hüqo-Fransız ədəbiyyatının milyarderi” adlı tədbir keçirilib. Tədbirdə universitetin fransızdilli tələbələrinin ifasında V.Hüqonun “Notre-Dame de Paris” əsərindən «Bohèmienne» adlı mahnı səsləndirilib, onun həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bundan əlavə, şairin evi haqqında video və ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülşən Bağırovanın şairin doğma evində çəkilmiş şəkillərindən ibarət təqdimat da nümayiş olunub. Tədbirdə, həmçinin professor Ə.Zeynalov haqqında məlumat verilib və onun tərcümə etdiyi V.Hüqo şeirləri səsləndirilib. Sonda professor Ə.Zeynalovun V.Hüqoya həsr olunan və müxtəlif ölkələrdə çap edilmiş kitabları iştirakçılara təqdim olunub. Tədbirdə V.Hüqonun həyat və yaradıcılığını dərindən tədqiq edən Fil.e.d, professor Əsgər Zeynalov, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Kampus Frans (Campus France) agentliyinin Azərbaycan üzrə nümayəndəsi Mino Batist (Mignot Baptiste), səfirliyin mədəni işlər üzrə məsul şəxsi Jervez Mate (Gervaise Mathé), həmçinin ADU-nun Filologiya və Jurnalistika, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələrinin müəllimləri və tələbələri iştirak ediblər. Qeyd edək ki, bu il Fransız ədəbiyyatının tanınmış böyük şairi, dramaturqu və siyasətçisi V.Hüqonun anadan olmasının 215-ci ildönümüdür.