XƏBƏRLƏR

ADU-da “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxunub

14 mart, 2017
Martın 14-də  Azərbaycan Dillər Universitetində (ADU)  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov universitetin tələbələrinə “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxuyub. İlk olaraq ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Prezident  İlham Əliyevin müvafiq sərəncamına əsasən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunduğunu xatırladaraq bu ilin keçən ilki “Multikulturalizm ili”nin davamı olduğunu qeyd edib. O, islam dininin dəyərlərindən, mahiyyətindən və Məhəmməd Peyğəmbərin dinə verdiyi töhfələrdən də danışıb. Çıxışında islam elm tarixində intellektual məktəblər və elmi mərkəzlər arasında Azərbaycan məktəbinin xüsusi yerinin olduğunu deyən Rəşad İlyasov Azərbaycanda yetişən məşhur islam alimləri və mütəfəkkirləri haqqında məlumat verib. O, Səlcuq imperiyası dövründə Azərbaycan məktəbinin keçdiyi təşəkkül və inkişaf mərhələlərindən də söz açıb. Daha sonra çıxış edən Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov milli dəyərlərdən, tolerantlıqdan bəhs edib.