XƏBƏRLƏR

Linqvokulturologiya kafedrasının elmi yaradıcılığına həsr olunan tədbir

10 mart, 2017
Martın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşəbbüsü və baş müəllim İlahə Əliyevanın təşkilatçılığı ilə kafedranın elmi yaradıcılığına həsr olunan tədbir keçirilib. Kafedra müdiri, professor Məsməxanım Qazıyeva tədbirin əsas məqsədinin tələbələri kafedra əməkdaşlarının kitabları və dərs vəsaitləri ilə tanış etmək olduğunu bildirib. Dilin vacib komponent olduğunu qeyd edən M. Qazıyeva dil və mədəniyyət arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib. O, mədəniyyəti təmsil etmək üçün dil bilgisinin mühüm əhəmiyyət daşıdığını söyləyib və tədbirdə nümayiş olunan vəsaitlərin dilin mənimsənilməsi baxımından etibarlı mənbə rolunu oynadığını sözlərinə əlavə edib. Tədbirdə peşəkar kadrların cəmləşdiyi Linqvokulturologiya kafedrasının tarixi, fəaliyyəti, tədris prosesinin təşkili, fənn proqramları, seçmə fənlər və onların məqsədi, əməkdaşların dərc etdirdiyi dərs vəsaitləri haqqında geniş məlumat verilib. Həmçinin vurğulanıb ki, ADU-nun adını uca tutmaq üçün kafedra savadlı kadrların hazırlanması, elmi potensialın yüksəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirir. Universitetin professor-müəllim və tələbə heyətinin qatıldığı tədbirdə iştirakçılar kafedranın fəaliyyətini yüksək qiymətləndirərək onun digər kafedralara da örnək olacağını söyləyiblər. Onlar nümayiş olunan vəsaitlərin tələbələr, eyni zamanda elmi fəaliyyətlə məşğul olan təbəqə üçün nəzərdə tutulduğunu vurğulayaraq belə bir əhəmiyyətli tədbirin keçirilməsinə görə kafedranın rəhbərliyinə təşəkkürlərini bildiriblər.