XƏBƏRLƏR

ADU-da Əziz Əliyevə həsr olunan dəyirmi masa keçirilib

28 fevral, 2017
Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetin Sosial elmlər kafedrasının təşkilatçılığı ilə “Əziz Əliyevin Dağıstan Muxtar Respublikasının inkişafında xidmətləri” mövzusunda dəyirmi masa keçirilib. Kafedranın müdiri, dosent Ədalət Abdiyeva respublikamızın və Dağıstanın tarixində unudulmaz iz qoyan Ə.Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Ə.Əliyevin əsl peşəsinin həkim olmasına baxmayaraq, respublikamızın ictimai həyatında da böyük rol oynadığını, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək ona verilən etimadı doğrultduğunu diqqətə çatdırıb. Daha sonra Ə.Əliyevin Dağıstandakı fəaliyyətindən söz açan Ə.Abdiyeva onun hər zaman dağıstanlılar tərəfindən sevildiyini, rəğbət bəslənildiyini və bunun bariz nümunəsi kimi Ə.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə orada heykəlinin ucaldıldığını vurğulayıb. Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva “Əziz Əliyev və Dağıstanın xilası”, Sosial elmlər kafedrasının dosenti Şəlalə Bağırova isə “Əziz Əliyevin cənub zonasında fəaliyyəti” mövzularında çıxış ediblər. Onlar, eyni zamanda Ə.Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərməsindən, İkinci Dünya müharibəsi illərində apardığı işlərdən, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən bəhs ediblər. Tədbir mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.