XƏBƏRLƏR

ADU-nun pedaqoji təcrübədə olan tələbələri Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

24 fevral, 2017
Fevralın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültəsi və SABAH qruplarının pedaqoji təcrübədə olan tələbələrinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 35 saylı tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Təcrübə rəhbərləri Arif Əsədov, Sədaqət Məmmədova, Rəsmiyyə Mehdiyeva, İradə Bəylərovanın yaxından köməkliyi, tələbələr Gülnar Mustafayeva, Lətifə Əliyeva, Vəfa Ağayeva, Humay Nəcəfova və məktəb şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı, professor Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, tələbələr tərəfindən 2016-cı tədris ili üçün “İlin ən yaxşı müəllimi” seçilən təcrübə rəhbəri Arif Əsədov məktəb direktoru Rəna Naibova başda olmaqla tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Xalqımızın başına gətirilən müsibətlərin gələcək nəsillərə tanıdılması istiqamətində milli vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğu qeyd edilib. Şagirdlər tərəfindən  XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı və onun ağır nəticələri haqqında məlumat verilib, şeirlər səsləndirilib. Tədbirdə, həmçinin telejurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlar əsasında hazırlanan slayd göstərilib, müxtəlif dillərdə Xocalı soyqırımına həsr olunmuş videoçarx izlənilib. Sonda şagird Cavid Əmiraslanov “Cənab leytenant” mahnısını ifa edib. Qeyd edək ki, şagirdlərin Xocalı soyqırımına aid çəkdiyi şəkillər və əl işlərindən ibarət sərgi məktəbin foyesində nümayiş olunub.