ADU-nun prorektoru Dünyamin Yunusov vəfat edib
29 mart, 2017
Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov martın 28-də vəfat edib.
Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
Həmin ali məktəbi 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. 1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət edib və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirib.
D.Yunusov müəllimlik fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də uğurla davam etdirib, müəllimlikdən professorluğadək uzun bir yol qət edib.
İşlədiyi müddətdə dəfələrlə universitet rəhbərliyinin fəxri fərmanlarına və təşəkkür məktublarına layiq görülüb.
1981-ci ildə işlərindəki müvəffəqiyyətinə, elmi və ictimai həyatdakı fəal iştirakına görə “Sosializm yarışının qalibi” olub və döş nişanı ilə təltif edilib.
1985-ci ildə Tbilisi şəhərində “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını alıb. D.Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilib.
2007-ci ildə “Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” adlı doktorluq dissertasiyasını müdafiə edib və elə həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilib. 2008-ci ilin aprel ayından işlədiyi İngilis dilinin qrammatikası kafedrasının professoru olub.
D.Yunusov müəllim işlədiyi müddətdə bir çox xarici ölkələrdə, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Almaniyada, İtaliyada, Fransada, Belçikada, Qazaxıstanda, Ukraynada, Gürcüstanda və s. ölkələrdə simpozium, konfrans və konqreslərdə iştirak edib və təcrübə mübadiləsi keçib.
O, iyirmi kitabın və dörd yüzə yaxın elmi məqalənin müəllifi olub. Onun kitab və məqalələri ölkəmizdən çox uzaqlarda da tanınır. D.Yunusovun kitabları eyni zamanda Türkiyə Respublikasında və İran İslam Respublikasında da nəşr olunub və hal-hazırda həmin ölkələrin bəzi ali məktəblərində tədris olunur. Onun məqalələri ABŞ-da, Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda, Gürcüstanda və s. ölkələrdə çapdan çıxıb.
Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini olub və 25.11.2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək ADU-nun rektoru vəzifəsini icra edib.
D.Yunusov “Azərbaycanda Xarici Dillər” jurnalının “Oxşarlıqlar və fərqlər dilçiliyi” bölməsinin, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalının redaksiya heyətlərinin üzvü və ADU – da nəşr olunan “Dil və Ədəbiyyat” jurnalının baş redaktoru olub. O, eyni zamanda Azərbaycan Respubikası Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının “Avropa dilləri və ədəbiyyatı” bölməsinin sədri kimi məsul vəzifənin də öhdəsindən bacarıqla gəlib.
D.Yunusov 2011-ci ildə Gürcüstan Respublikası Təhsil Elmləri Akademiyasının akademiki seçilib.
Onun birbaşa rəhbərliyi və elmi məsləhətçiliyi ilə yeddi nəfər tədqiqatçı dissertasiya işlərini müdafiə edib və fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülüb. Üç nəfər tədqiqatçı isə müdafiə ərəfəsindədir.
D.Yunusov ilk dəfə Azərbaycanda “İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası” / Comparative typology of the English and Azerbaijani languages / adlı dərslik nəşr etdirib və bu dərslikdən respublikamızın əksər universitetlərinin filologiya fakültələrinin tələbələri istifadə edirlər.
D.Yunusov Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülüb.
Allah rəhmət eləsin!