XƏBƏRLƏR

ADU-nun dosenti beynəlxalq konqresdə iştirak edib

16 fevral, 2017
Azərbaycan Dillər Universitetinin (ADU) İkinci xarici dil kafedrasının dosenti Leyla Həmidova Gürcüstanın Tiflis şəhərində “Qadınların təhlükəsizlik uğrunda birgə mübarizəsi və regional siyasi mühitin ötürülməsi” mövzusunda keçirilən Cənubi Qafqaz qadınlarının konqresində Azərbaycanı təmsil edib. L.Həmidova Azərbaycan qadınlarının iqtisadi, siyasi, ictimai, mənəvi və psixoloji vəziyyəti haqqında rus və ingilis dillərində məlumat verib. O, çıxışında Azərbaycan qadınlarının cəbhə bölgəsində fəaliyyəti, müxtəlif istiqamətlər üzrə göstərdikləri fəallıq və s. məsələlərdən söz açıb. Qeyd edək ki, Kanadanın Gürcüstandakı səfirliyi tərəfindən keçirilən konqresdə Azərbaycan, Gürcüstan, Kanada, ABŞ və Ermənistandan ümumilikdə 25 nəfər nümayəndə iştirak edib. Konqresdə mövzuya dair disput olub, qadının ictimaiyyətdə, terrorizmlə mübarizədə, beynəlxalq münasibətlərdə rolu ilə bağlı mühazirələr dinlənilib. İştirakçılar təmsil etdikləri ölkələrdə qadınların mətbəxdəki işindən başlayaraq dövlət işlərindəki fəaliyyətlərinə qədər olan proses haqqında məlumat veriblər. Azərbaycanı universitetimizin dosenti Leyla Həmidova ilə yanaşı, Qərb Universiteti, həmçinin qadınların problemləri ilə məşğul olan ictimai birliklərin nümayəndələri təmsil edib. Konqresin sonunda iştirakçılar sertifikatlarla mükafatlandırılıb.