XƏBƏRLƏR

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında müqavilə imzalanıb

09 fevral, 2017
Fevralın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan və Çin arasında incəsənət sahəsində ikitərəfli əlaqələrin inkişafı, incəsənət mütəxəssislərinin hazırlığı sahəsində təhsil əlaqələrinin intensivləşdirilməsi, iki xalqın tarixi və bədii dəyərlərinin tədqiq olunmasıdır. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov təsviri və dekorativ sənət sahəsində Azərbaycan məktəblərinin yaradıcılıq ənənələrinin qorunması və inkişafı istiqamətində Akademiyanın fəaliyyəti haqqında Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuaya məlumat verib. Səfir Azərbaycanda rəssamlıq təhsilinin inkişafından məmnunluğunu ifadə edərək iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müdiri, professor Rafiq Abbasov estetik təhsil və incəsənət təhsili sisteminin təkmilləşdirilməsi sahəsində birgə proqramlar haqqında məlumat verib, o cümlədən tələbə mübadiləsi, birgə elmi konfransların, incəsənət sərgilərinin təşkili haqqında danışıb. R.Abbasov Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilənin imzalandığını xatırladıb. Sonda Konfutsi İnstitutunun əməkdaşları  tərəfindən Çinin ənənəvi rəsmi “Guohua” və Çinin tanınmış xəttatlıq üslublarında master-klass keçirilib.