XƏBƏRLƏR

ADU-da “Tələbə biliyinin qiymətləndirilməsi metod və üsulları: nailiyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

06 fevral, 2017
Fevralın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Tələbə biliyinin qiymətləndirilməsi metod və üsulları: nailiyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada, həmçinin İngilis dilinin qrammatikası, İngilis dilinin leksikologiyası, İngilis dilinin üslubiyyatı kafedralarının müəllimləri iştirak edib. Dəyirmi masada kafedranın müdiri, dosent Salman Nuriyev Avropa təcrübəsindən istifadə etməklə auditoriyada tələbə biliyinin yoxlanılması və obyektiv qiymətləndirilməsinin şərtləri haqqında danışıb. Mühazirə və praktik dərslərdə tələbə biliyinin qiymətləndirilməsi zamanı qarşıya bir sıra çətinliklər çıxdığını bildirən S.Nuriyev bu çətinlikləri dəf etmək üçün müəllimin taktiki səriştəsinin çox vacib rol oynadığını qeyd edib. O, auditoriyanın həcmindən asılı olaraq tələbələrin yerləşdiyi partaların cərgələrə əsasən A, B, C, bəzi hallarda isə D formatında hazırlanıldığını, tələbələrin isə bu hərflərə müvafiq sıralandığını və lövhənin həmin cərgələrə uyğun bölündüyünü sözlərinə əlavə edib. S.Nuriyev tələbənin 3 mərhələdə aldığı qiymətlərin toplanıldıqdan sonra 3 ədədinə bölündüyünü və jurnala qeyd edildiyini vurğulayıb. Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.