XƏBƏRLƏR

ADU-da Çin və Azərbaycanın zərgərlik sənətinə dair seminar keçirilib

23 yanvar, 2018
Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çinin zərgərlik ənənələri: İpək yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda elmi seminar keçirilib. Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, 5000 ildən artıq yaşı olan Çin zərgərlik sənəti zərgərlik texnikasının unikallığı, milli ənənələri, eyni zamanda Çin fəlsəfəsini ifadə edən bəzək əşyalarının materialı və rəngləri arasındakı uyğunluq və harmoniyaya görə seçilir. Tan sülaləsinin hakimiyyəti dövründə Çinin türk xalqları ilə qarşılıqlı etnomədəni əlaqələrinin fəallaşmasından bəhs edən R.Abbasovun sözlərinə görə, türklərin maddi mədəniyyət nümunələri, o cümlədən, geyimlər, bədii əsərlər və qiymətli metallardan hazırlanan əşyalar Çin cəmiyyətinə daxil olub və uyğunlaşıb. ADU-nun Konfutsi İnstitutundan olan könüllü Kamilla Kərimli seminarda çıxış edərək Çin zərgərlik sənətinin inkişaf tarixi və bədii xüsusiyyətləri, milli bəzək əşyalarının  hazırlanması və bəzədilməsinin ənənəvi texniki üsulları, zərgərlik nümunələrində nefrit və mirvaridən istifadənin rəmzi mənası, “səkkiz xəzinə” dəstinə aid rəmzi zinət əşyaları şəklində olan orta əsr Çin bəzəklərinin məşhur naxış motivləri, həmçinin, qadın saç düzümlərinin dekorativ elementlərinin qədim növləri barədə danışıb. Seminarda çıxış edən Azərbaycan Milli Tarix Muzeyinin Xüsusi Fondunun mühafizəçisi  Afət Rüstəmbəyova fondun qızıl və gümüşdən hazırlanmış nadir boyun və sinə bəzəkləri, qadın toqqa və kəmərləri kimi milli qadın bəzək əşyalarından ibarət olan unikal kolleksiyasından söz açıb. A.Rüstəmbəyova həmçinin Bakı, Gəncə, Şamaxı, Şuşa, Şəki və Naxçıvan şəhərlərində tarixi zərgərlik barədə danışıb, sənətkarlıq mərkəzlərində azərbaycanlı ustalar tərəfindən zərgərlik texnikasının təkmilləşdirildiyini qeyd edib. Azərbaycan Xalça Muzeyinin zərgərlik fondunun baş mühafizəçisi Mira Məmmədxanova fondun müxtəlif qadın bəzək əşya növləri, o cümlədən, forma və dekoru baxımından unikal olan ənənəvi baş bəzəkləri, sırğalar, boyunbağılar, üzüklər, ayaq və qol üçün bilərziklər, kəmərlər, toqqalar, sinəyə vurulan gözmuncuğular ilə təqdim olunan kolleksiyalar haqqında məlumat verib. M.Məmmədxanova həmçinin, bu zərgərlik əşyalarının harmonik olaraq Azərbaycan ənənəvi milli qadın geyimlərinin xətləri, rəngi ilə əlaqəli olduğunu və qədim zərgərlərin qəlbinin zənginliyini, poetik hisslərini əks etdirdiyini ifadə edib. Azərbaycan Milli İncəsənət Muzeyinin zərgərlik məmulatları fondunun mühafizəçisi Nailə Rəhimova ustaların ətraf aləm, təbiət və gözəllikləri əks etdirən nümunələrindən olan, öz bədii-bəzək xüsusiyyətləri və koloriti ilə unikal sayılan qadın kəmərləri, ortasında gül olan ayparadan ibarət sırğalar, üzüklər, qadın geyimlərinin bəzəyi olan sancaqlar, düymələr və s. qadın bəzək əşyaları kolleksiyası barədə məlumat verib.