XƏBƏRLƏR

ADU-da bayram tədbiri keçirilib

28 dekabr, 2016
Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə öncə Həmrəylik Gününün yaranma tarixi, onun mahiyyəti haqqında məlumat verilib, dünya azərbaycanlılarının bu günü böyük coşqu ilə qeyd etdiyi vurğulanıb. Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında müxtəlif mahnılar səsləndirilib, bayrama həsr olunan maraqlı səhnəciklər sərgilənib. Həmçinin universitetin “Dalğa” rəqs ansamblının “Sarı gəlin” rəqsi və Xalq artisti Gülyaz Məmmədovanın musiqili çıxışı tədbirə maraqlı anlar qatıb. Qeyd edək ki, tədbirdə, universitetlərarası Futzal çempionatının qalibi olan ADU-nun komandasının üzvləri diplom və pul ilə mükafatlandırılıb. Həmin mükafatları tələbələrə təqdim edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev onları təbrik edərək universitetin adını uca tutduqları üçün dərin minnətdarlığını bildirib.