XƏBƏRLƏR

ADU-da "Oxuma və oxunma problemi" mövzusunda müzakirə keçirilib

24 dekabr, 2016

Dekabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU)  Yazıçılar Birliyinin üzvü, universitetin əməkdaşı Tural Cəfərlinin təşəbbüsü və Fəlsəfəçilər Akademiyasının təşkilatçılığı ilə “Oxuma və oxunma problemi” mövzusunda müzakirə keçirilib. Müzakirənin qonaqları televiziya jurnalisti Turan İbrahimov, şairlər Səlim Babullaoğlu və Qismət Rüstəmov olub.

Müzakirədə yazıçı-tənqidçi Günel Fərhad qızı, hekayə kitabları müəllifi Şəhla Nihan, uşaq hekayələri yazan Səmayə nənə, universitetin müəllim-tələbə heyəti, o cümlədən digər universitetin tələbələri də iştirak edib.

Qonaqları iştirakçılara təqdim edən Fəlsəfəçilər Akademiyasının təsisçisi Tural İsmayılov mövzu haqqında ümumi məlumat verib.

Kitaba münasibəti formalaşdırmanın yolunun hər evdə kitab rəfinin olmasından keçdiyini söyləyən şair Səlim Babullaoğlu, mütaliə zamanı çox kitabdansa xeyirli kitab oxumağın ən uğurlu seçim olacağını qeyd edib. O, həmçinin kitab oxumağın insanın xəyal gücünü qüvvətləndirdiyini də vurğulayıb. Şair Qismət Rüstəmov isə  müasir evlərdə yalnız kitabxanalar deyil, o kitabxanalardan istifadə edən insan görüntüsünün çatışmazlığından, habelə kitabın faydalarından danışıb.

Televiziya aparıcısı Turan İbrahimov  kitab oxumağın asan yollarından, mütaliənin zənginliklərindən söz açıb.

Sonda qonaqlar mövzu ilə bağlı sualları cavablandırıb.