XƏBƏRLƏR

ADU-da “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda dəyirmi masa keçirilib

24 dekabr, 2016

Dekabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində “Azərbaycan və ABŞ multikulturalizm modelləri: müqayisəli təhlil” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun İnformasiya Resurs Kompleksi (İRK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Şəhla Xudiyeva İRK-nın yaranma tarixi, fəaliyyət istiqamətləri, məqsədi və strategiyası, kompleksin strukturu, əməkdaşlıq etdikləri müəssisələr haqqında məlumat verib. O, kompleksin multikulturalizmlə bağlı silsilə tədbirlər keçirdiyini deyərək bu istiqamətdə aparılan araşdırmalar və tədqiqat işlərində faydalı olacaq elektron bazaların kompleksdə mövcud olduğunu sözlərinə əlavə edib.

ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, professor Azad Məmmədov universitetin Azərbaycan multikulturalizminin inkişafına verdiyi töhfələrdən danışıb, ali təhsil müəssisəsinin peşəkar müəllimlərinin xarici ölkələrdə bu sahə üzrə fənnin tədris olunmasında yaxından iştirak etdiklərini bildirib. Rəhbərlik etdiyi mərkəzin yaranma prosesi, məqsədi haqqında məlumat verən A.Məmmədov Azərbaycan multikulturalizminin dünyada təşviqi, tədqiqatların aparılması, həmçinin xarici ölkələrdə kitabların təqdimatı, seminar, təlim və görüşlərin keçirilməsi üzrə mərkəzin fəaliyyətindən söz açıb. Multikulturalizm modelinin formalaşmasından bəhs edən A.Məmmədov Azərbaycanın bu sahədə digər ölkələrdə müqayisəli təşviqi haqqında danışıb. Azərbaycan multikulturalizminin təbliğ olunduğu ölkələrdə təmsilçilərin və mərkəzlərin fəaliyyət göstərdiyini deyən A.Məmmədov dəyirmi masanın iştirakçılarına uğurlar arzulayıb.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev multikulturalizmin inkişafının ölkəmizdə aktual məsələ olduğunu bildirib. Universitet rəhbərliyi və professor-müəllim heyətinin multikultural dəyərlərin təbliği üzrə faydalı və aktiv fəaliyyət göstərdiklərini diqqətə çatdıran professor Ə.Əliyev bu sahədə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində ABŞ-ın “Fulbrayt” proqramının mütəxəssisi Melda Yıldız “Amerika Birləşmiş Ştatlarında təhsilin multikultural aspektləri” mövzusunda çıxış edib. Amerikada multikultural istiqamətdə keçdiyi mərhələlərdən, multikulturalizm modellərindən, müxtəlif yönlər üzrə aparılan araşdırmaların nəticəsindən danışan Melda Yıldız bu sahədə qazandığı təcrübələri iştirakçılarla bölüşüb. O, multikulturalizm üzrə dəyərli fikirləri olan müəlliflər və onların kitabları haqqında məlumat verdikdən sonra multikultural dövrdə sülh içində yaşamaq arzusu ilə çıxışını yekunlaşdırıb.

ADU-nun Ümumi dilçilik kafedrasının professoru, İndoneziyanın Gadjah Mada Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə mühazirəçi Həbib Zərbəliyev “Azərbaycan multikulturlizmi” fənninin xarici ali məktəblərdə tədrisi”, Bakı Dövlət Universitetinin professoru, sosiologiya elmləri doktoru Rəfail Həsənov isə “Amerikada erkən məskunlaşmalar: multikulturalist yanaşma” haqqında məlumat veriblər.

BBMM-in Analitika sektorunun müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizminin ədəbi və fəlsəfi qaynaqları”, Layihələr sektorunun müdiri Sərxanbəy Xuduyev “Multikulturalizm siyasəti təcrübədə”, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Elsevər Səmədov “Birgəyaşayış fəlsəfəsi: özünütəcriddən harmoniyaya doğru” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.