XƏBƏRLƏR

ADU-da Xarici Təhsilli Əməkdaşlar Birliyinin növbəti tədbiri keçirilib

07 fevral, 2018
Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin tanıtımı ilə bağlı növbəti dəyirmi masa keçirilib. Açılış nitqi ilə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova rəhbərlik etdiyi qurumun tanıtımı ilə bağlı silsilə tədbirlərin keçirildiyini və bu işin davamlı olacağını diqqətə çatdırıb. O, birliyin səbəb və məqsədlərindən danışaraq onun yaranmasını zəruri edən amilləri nəzərə çatdırıb və qarşıda duran hədəflərdən söz açıb. L.Qurbanova qeyd edib ki, təşkilatın 40-a yaxın əməkdaşı var ki, onlar dünyanın 14 aparıcı ölkəsinin ali təhsil müəssisəsinin məzunudur. L.Qurbanova daha sonra iştirakçıları birliyin əsas məqsədləri barədə məlumatlandırıb. Onun sözlərinə görə, bu məqsədlər  universitetdə olan potensialı üzə çıxarmaq, əməkdaşların bir-birini tanıması və qurum daxilində özlərini tanıtmasını, eyni zamanda sıx əlaqələr şəbəkəsini yaratmaq və onu genişləndirmək, beynəlxalq təcrübədən faydalanaraq universitetdə təhsilin keyfiyyətini artırmağı hədəfləyir. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekan müavini, İngiltərənin Nyukasl Universitetində “Təhsilin idarə olunması” ixtisası üzrə magistr təhsili almış Günay Əhmədli “Fakültələr üzrə tədrisin təşkil olunması” mövzusunda təqdimatla çıxış edib. O, tədrisin keyfiyyətinin artırılması yolları, keyfiyyətin təminatı üçün önəmli olan tələblər, o cümlədən tələbələrin müstəqil işinin əhəmiyyəti, sərbəst işlərin formatı ilə bağlı təkliflər və bəzi vacib nüansları diqqətə çatdırıb. Dəyirmi masa müzakirələrlə yekunlaşıb. Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təklifi əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək və s. daxildir.