Prezident İlham Əliyev: “Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı”
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı, itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxan dinc əhaliyə divan tutulması, heç bir günahı olmayan yüzlərlə adamın vəhşicəsinə qətlə yetirilməsi bütün tarixi boyu humanizm prinsiplərindən dəm vuran sovet imperiyasının hərb maşınının amansız terror aktı, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Eyni zamanda bu, qəhrəmanlıq tariximizin parlaq səhifəsidir. Prezident İlham Əliyev bu barədə belə deyib: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı”.
Prezident İlham Əliyev Qanlı Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti zamanı faciə ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olub. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncülləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.