XƏBƏRLƏR

ADU-da “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib

14 dekabr, 2016

 

 Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə tədbirlər planına uyğun olaraq, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov iştirakçıları salamlayaraq onlara tədbirə qatıldıqları üçün minnətdarlığını bildirib. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından danışan professor multikulturalizmin müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafına, həmçinin azsaylı xalqların müxtəlif dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına xidmət etdiyini söyləyib. O, mədəniyyətin xalqa, dövlətə, millətə xas dəyər olduğunu bildirib. “Bütövlükdə bir dünyanı əhatə edən mədəniyyətin əsas daşıyıcısı xalqlardır”-deyən professor multikulturalizmin çoxlu sayda xalqlardan ibarət mədəniyyət müstəvisi olduğunu sözlərinə əlavə edib.

Sonra çıxış edən Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov “Multikulturalizm ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə xüsusi tədbirlər planı imzaladığını bildirib. O, bu plan çərçivəsində bir çox tədbirlər keçirildiyini qeyd edib. Azərbaycanın tarixi ənənələrə söykənən milli-mənəvi dəyərlərinin olduğunu deyən Ə.Məmmədov bundan sonra da o dəyərləri qorumağın vacibliyini diqqətə çatdırıb. Ə.Məmmədov Azərbaycanın inkişafı prosesində bu günə kimi əldə etdiklərimizi qoruyub saxlamağın və onu dünyaya çatdırmağın zəruriliyini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov multikulturalizmin Azərbaycanın milli-mənəvi dəyərləri arasında xüsusi yerinin olduğunu qeyd edib. O, ölkəmizdə  müxtəlif  etnik qrupların və xalqların bir arada yaşamasının milli-mənəvi dəyərlər sistemində minilliklərə söykənən tarixə malik olduğunu və bu dəyərlərin inkişaf edərək bu günümüzə kimi gəldiyini söyləyib. N.Məmmədov multikulturalizmin əsasında dayanan tolerantlığın birgəyaşayış ənənəsini bir arada saxlayan əsas dəyər, qarşılıqlı hörmət, dözümlülük olduğunu vurğulayıb. O, müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qrupların yerli əhali ilə qaynayıb-qarışdığını və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirdiklərini söyləyib. N.Məmmədov multikultural cəmiyyətin İslam dini tərəfindən bəyənilərək təbliğ edildiyini diqqətə çatdırıb, həmçinin milli-mənəvi dəyərlərin qorunmasının zəruriliyini qeyd edib.

Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.