XƏBƏRLƏR

Rusiyalı politoloq Oleq Kuznetsov ADU-da olub

10 yanvar, 2018
Yanvarın 10-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış rusiyalı politoloq, tarixçi-qafqazşünas Oleq Kuznetsovun iştirakı ilə “Müasir Rusiyada prezident seçkiləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə universitetin Regionşünaslıq, Fəlsəfə və ictimai elmlər, Beynəlxalq münasibətlər kafedralarının professor-müəllim heyəti, həmçinin elmi-tədqiqat laboratoriyalarının əməkdaşları iştirak edib. Dəyirmi masada O.Kuznetsov mövzu ilə bağlı fikirlərini bildirib. O, Rusiyada keçirilən prezident seçkilərində siyasi tendensiyalar, seçki prosesində istifadə olunan siyasi texnologiyaların səmərəliliyi, dövlət büdcəsinin idarə olunması, siyasi sistem haqqında məlumat verib. Politoloq, həmçinin müəyyən dövrlərdə seçkilər prosesində edilən dəyişiklik və islahatlardan, Rusiya cəmiyyəti və hakimiyyətinin qarşılıqlı münasibətlərindən söz açıb. Azərbaycan və Rusiyanın siyasi sistemləri arasındakı oxşarlıqlardan danışan O.Kuznetsov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bölüşüb. Bundan əlavə, rusiyalı politoloq Oleq Kuznetsov ADU-nun Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyalarının əməkdaşları ilə də görüşüb. Görüşdə “Xarici rusiyaşünaslığın aktual problemləri” mövzusunda müzakirələr aparılıb. Qeyd edək ki, O.Kuznetsov 2017-ci ildə AMEA-nın Hüquq və İnsan haqları İnstitutunun fəxri professoru seçilib. O, elm və təhsilin inkişafına verdiyi töhfələrə, həmçinin elmi-texnoloji fəaliyyətinə görə bir çox ictimai mükafatlara layiq görülüb.