XƏBƏRLƏR

ADU-da “Təhsilin idarə olunması” mövzusunda mühazirə oxunub

12 dekabr, 2016
  Dekabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti və tələbələrinə “Təhsilin idarə olunması” mövzusunda mühazirə oxuyub. Təhsil sistemində idarəçiliyin təşkili, işçilərin fərdi və peşəkar keyfiyyətlərinin qiymətləndirilməsi barədə çıxış edən professor Ə.Abdullayev liderin iş  mühitində müsbət nəticə əldə etmək və qarşıya qoyulan məqsədi həyata keçirmək üçün ətrafındakı insanlara təsir etmək qabiliyyətinin mövcudluğunun əhəmiyyətini vurğulayıb. Mühazirədə həmçinin liderin aktiv iş fəaliyyəti, başqalarını öz arxasınca apara bilmək bacarığı, etik qaydalara tabe olma, qətiyyətlilik, etibarlılıq, təşəbbüskarlıq, obyektivlik kimi fərdi xüsusiyyətlərinin vacibliyi məsələlərinə də toxunulub. Sonda professor Ə. Abdullayev mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.