XƏBƏRLƏR

ADU-da “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş

08 dekabr, 2016

 

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevlə görüş baş tutub.

Tələbələrlə görüşdən öncə qonağı qəbul edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu söyləyib. O, universitetin təhsil sistemi, fakültə və kafedraları, həmçinin professor–müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verib. Prorektor ADU-nun ölkəmizi güclü intellekt və savada malik gənclərlə təmin etmək missiyası ilə fəliyyət göstərən ali təhsil müəssisəsi olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq, ADU-nun nüfuzlu universitetlərdən biri  olduğunu diqqətə çatdırıb və burada olmaqdan məmnunluğunu dilə gətirib. O, gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib.

Sonra qonağı tələbələrə təqdim edən Tələbə Diplomatlar Klubunun (TDK) sədri Ramin Həbibzadə dəvəti qəbul edib gəldiyi üçün ona tələbələr adından təşəkkürünü bildirib. O, görüşdən onların mühüm məlumatlar əldə edəcəyinə əminliyini ifadə edib.

ADU tələbələri ilə görüşən Vüsal Quliyev təmsil etdiyi sektorun gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirdiyini bildirib. O, gənclərin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vüsal Quliyev müasir gəncliyin gənclər siyasətinin bir hissəsi olduğunu və onların həyata keçirdiyi təşəbbüslərin dövlətimiz tərəfindən daim dəstəkləndiyini deyib. O, gəncləri yaxşı təhsil alaraq dövlətimizin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyə çağırıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.