XƏBƏRLƏR

ADU-nun dosentinin qəhrəmana həsr olunmuş kitabı işıq üzü görüb

02 aprel, 2018
Azərbaycan Dillər Universitetinin (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərovanın “Qaraqoyunlu qəhrəman Rizvan Pirnəzərov” adlı kitabı çapdan çıxıb. Kitab müəllifin qardaşı Qazax və Gədəbəy rayonlarının Ermənistanla həmsərhəd ərazilərində döyüşmüş, Başkəndin alınmasında xüsusi şücaət və qəhrəmanlığına görə Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş batalyon komandiri, kapitan Rizvan Pirnəzərovun 55 illik yubileyi və həmyerlilərinin doğma yurddan didərgin düşməsinin 30 illiyinə həsr olunub. Kitabın redaktoru dosent Şövkət Kərimovdur. “Ecoprint” nəşriyyatında çap olunan kitab 424 səhifədən ibarətdir. Kitab Rizvan Pirnəzərov haqqında yazılmış üçüncü kitabdır. İlk kitabda qəhrəmanın şeirləri, qəhrəmanlığından bəhs edən məqalələr, ikinci kitabda qəzet və jurnallarda çap olunan məqalələri, ona həsr olunmuş şeirlər, onu tanıyanların xatirələri öz əksini tapıb. Sonuncu kitabda R.Pirnəzərovun uşaqlıq illəri, mənalı həyat yolu və qəhrəmanlıq nümunələri faktlara əsaslanaraq bədii formada öz əksini tapıb, onun qeyd dəftərindəki yarımçıq şeirlər əlavə olunub. Kitabda, həmçinin qəhrəman haqqında söylənilmiş xoş sözlər və ona həsr edilmiş şeirləri də yer alıb. Kitabda Rizvanın boya-başa çatdığı Gölkəndin mənzərəsindən söhbət açılıb, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara ermənilərin düşmən münasibəti, həmyerlilərimizin köçkünlük dövründə keçirdikləri iztirablar ifadə olunub. Qeyd edək ki, Gülənbər Pirnəzərova 30-dan çox elmi məqalə və tezislərin, 1 monoqrafiya, 2 dərs vəsaiti, 3 fənn proqramının müəllifi, 1 dərslik və 2 dərs vəsaitinin həmmüəllifidir.