ADU-da təqdimat mərasimi keçirilib
06 mart, 2017
Xalq şairi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” əsəri ingilis dilinə tərcümə olunub
Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” əsərinin ingilis dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Xalq şairi N.Həsənzadəninin yaradıcılığı haqqında qısa məlumat verib. Böyük şairin ədəbiyyatımıza verdiyi töhfələrdən danışan Ə.Abdullayev onun Azərbaycan poeziyasına insanın ruhuna, mənəvi aləminə dinclik gətirən misralar bəxş etdiyini sözlərinə əlavə edib. O, N.Həsənzadə yaradıcılığının hər kəs tərəfindən sevildiyini, maraqla qarşılandığını söyləyərək, bunun qüdrətli şairin poeziyasına, şəxsiyyətinə verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Professor şairin “Nabat xalanın çörəyi” əsərinin ingilis dilinə tərcümə olunmasını Azərbaycan ədəbiyyatının dünya miqyasında layiqincə təmsil olunması baxımından əlamətdar hadisə adlandırıb. O, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib və ADU-nun bu missiyanın gerçəkləşməsində maraqlı olduğunu vurğulayıb. Əsərin oxucu dairəsinə görə çox məşhur olacağına əminliyini ifadə edən Ə.Abdullayev N.Həsənzadəyə ədəbi fəaliyyətində uğurlar arzulayıb.
ADU-nun müəllimi, həmçinin kitabın redaktoru Şəhla Nağıyeva və tərçüməçisi Elnur İmanbəyli əsərin məzmunu haqqında məlumat verərək onun hər bir oxucu üçün örnək ola biləcəyini qeyd ediblər. Onlar əsərin milli koloritlə zəngin olmasının və Azərbaycan mədəniyyətinin ingilisdilli auditoriyaya çatdırılmasının tərcümə prosesinə xüsusi məsuliyyət qatdığını bildiriblər. Kitabın yaradıcı heyəti şairə fəaliyyətində uğurlar arzulayıb və onun nəzm əsərlərinin tərcümə olunmasının planlaşdırıldığını qeyd edib.
Sonda kitabın müəllifi, xalq şairi N.Həsənzadə təəssüratlarını iştirakçılarla bölüşüb. O, ADU-nun Azərbaycanın gələcəyi üçün böyük işlər gördüyünü qeyd edib və təqdimat mərasiminə ev sahibliyi etdiyinə görə universitet rəhbərliyinə və tərcümə komandasına dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, “Nabat xalanın çörəyi” şairin ilk irihəcmli avtobioqrafik nəsr əsəridir. Burada ərinin vəfatından sonra qucağında bir yaşında oğlan uşağı ilə qalmış ağır güzəran keçirən bir gəlinin həyatı, məişəti, onun mənəvi aləmi lirik-epik ovqatda təqdim edilir. Hadisələr müharibə dövrü və ondan sonrakı Azərbaycan mühitində, Ağstafa çayının Kür çayına töküldüyü yerdə, Poylu deyilən balaca bir fəhlə qəsəbəsində təsvir olunur.
Nabat xalanın oğlunun orta məktəb günləri, atabir bacısı-onun həyatında böyük fədakarlıqlar göstərən Səriyyənin qardaş məhəbbəti, Gəncə tələbəlik illəri, Qiyamla Fərəhin sevgi macərası... bütün bunlar yaddaqalan həyati lövhələrlə, birinci, ikinci, üçüncü şəxsin dili ilə oxucuya nəql edilir.