XƏBƏRLƏR

ADU-da “Tələbədən səfirə” layihəsi çərçivəsində görüş

16 dekabr, 2016

 

Dekabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Ramin Həbibzadənin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsində qalib elan edilən “Tələbədən səfirə” layihəsi çərçivəsində ilk görüş baş tutub.

Öncə layihə rəhbəri Ramin Həbibzadə və görüşdə iştirak edən ekspert Rəşad Bayramov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, gənclərə göstərilən dəstək və qayğıdan bəhs edərək iştirakçılara “Tələbədən səfirə” layihəsi barədə məlumat veriblər. 200-dən çox tələbəyə xidmət göstərəcək adıçəkilən layihənin ADU ilə yanaşı digər universitetlərdə də davam edəcəyini bildirən Ramin Həbibzadə tələbələri layihəyə qoşulmağa səsləyib. O, daha sonra layihənin ilk qonağını-Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində çalışmış, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri Həsən Əlibəylini iştirakçılara təqdim edib.

Həsən Əlibəyli tələbələri salamlayaraq onlarla görüşdən məmnunluğunu dilə gətirib. O, öz tələbəlik illərindən, diplomatiyaya gedən yolda qarşılaşdığı əngəllərdən bəhs edib. Tələbəlikdən səfirliyə gedən yolda gənclik potensialından lazımınca istifadə edərək elmə, biliyə sahib olmağın vacibliyini ön plana çəkən qonaq hər hansı bir ölkədə fəaliyyət göstərərkən, o dövlətin tarixini, mədəniyyətini dərindən öyrənmək üçün onun dilini bilməyin zəruriliyini qeyd edib. Daha sonra diplomatiyanın tarixindən danışan Həsən Əlibəyli onun ən qədim peşələrdən biri olduğunu söyləyib. O, bildirib ki, dövlətini başqa ölkədə təmsil etmək kimi məsuliyyətli bir missiyanı öz üzərinə götürən səfir vətənini sevməli, savadlı və yaxşı danışıq qabiliyyətinə malik olmalı, beynəlxalq münasibətləri dərindən bilməlidir. Çıxışının sonunda Həsən Əlibəyli “Tələbədən səfirə” layihəsini yüksək qiymətləndirərək ona uğurlu fəaliyyət arzulayıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.