XƏBƏRLƏR

ADU-nun əməkdaşı Yaponiyada beynəlxalq seminarda iştirak edib

16 dekabr, 2016

 Universitetin tələbəsi yapon şeir janrında müsabiqənin qalibi olub

 Azərbaycan Dillər Universitetinin (ADU) Yapon mərkəzinin rəhbəri Yaşar İbrahimov dekabrın 5-dən 13-dək Yaponiyanın Çukuba Universitetində təşkil edilən “Cənubi Qafqaz ölkələri + Moldova” yapon dilinin və mədəniyyətinin tədqiqi üzrə beynəlxalq seminarda iştirak edib.

Seminarda çıxış edən Y.İbrahimov Azərbaycanda yapon dilinin tədrisi ilə bağlı məlumat verib.

Seminar iştirakçıları tədbir çərçivəsində Saytama prefekturasına səfər edib, Urava Yapon Dili Beynəlxalq Mərkəzinin iş prinsipi və kitabxanası ilə yaxından tanış olublar.

Dekabrın 9-da keçirilən Tələbə Forumunda isə Azərbaycanı ADU-dan Eldəniz Kərimov təmsil edib. Tələbəmiz ölkəmizin mədəniyyəti ilə bağlı məlumat verib, digər ölkələrdən gələn tələbələrlə müzakirələrə qatılıb. O, yapon şeir janrı olan hayku müsabiqəsinin qalibi olub.

Səfər çərçivəsində iştirakçılar digər yapon mədəniyyət nümunələri ilə tanış olub, yapon dili dərslərinə qatılıb, Uşiku Daybutsu məbədini ziyarət ediblər.

Qeyd edək ki, cari ilin mart ayında Çukuba Universiteti ilə ADU arasında tələbə mübadiləsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən 2016-cı ildən etibarən Dillər Universitetinin tələbələri Çukuba Universitetində yapon və ingilis dillərində bir illik təhsil təcrübəsi keçmək hüququ qazanıblar.

Onu da əlavə edək ki, tədbir iştirakçı ölkələr arasında dostluq münasibətlərinin genişlənməsi, yapon dilinin inkişafı, elmi fikirlərin və tədqiqat əsərlərinin mübadiləsi, mədəniyyətlər arasında mövcud olan fərqlərin qarşılıqlı müzakirəsi baxımından çox əhəmiyyətli hesab olunub, bu cür tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyi qeyd olunub.