XƏBƏRLƏR

ADU-da 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

16 dekabr, 2016
 

Dekabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səyyarə Nadirova, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Muqaliv Mahmudov, o cümlədən universitetin tələbələri iştirak ediblər.

Öncə çıxış edən professor Ələddin Əliyev tədbir haqqında fikirlərini bildirərək hazırkı dövrün gündəmində olan bu aktual problem haqqında belə maarifləndirici tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, həmçinin tələbələrə daim müayinədən keçmələrini, sağlamlıqlarını nəzarətdə saxlamalarını, səhhətlərinin qayğısına qalmalarını tövsiyə edib.

QİÇS-in yaranma tarixi haqqında məlumat verən Sədaqət Musayeva müasir tibb eliminin hələ də İİV və QİÇS xəstəliyinin effektiv müalicəsinin dönüş yaradan bir yolunu tapa bilmədiyini təəssüf hissi ilə qeyd edib. O,   tədbirin təşkilinə yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

İİV və QİÇS infeksiyasının qarşısını almaq məqsədi ilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini qeyd edən  Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Muqaliv Mahmudov universitetlərdə bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini vurğulayıb və bunun ali təhsil ocağının tələbələrinin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildirib. QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səyyarə Nadirova bu xəstəliyin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılmasının, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirib. O, məhdud yollarla yayılan bu virusdan qorunma vasitələrini iştirakçıların nəzərinə çatdırıb, tələbələrə mərkəzin könüllü olaraq qan nümunəsi alan briqadası tərəfindən müayinə olunmağı məsləhət görüb. Tədbirdə ssenarisi Sədaqət Musayevaya məxsus olan, QİÇS-ə yoluxmuş və narkomaniyaya qoşulmuş gəncin ibrətamiz həyat hekayəsindən bəhs edən  “Taleyin oyunu ” əsərindən səhnəcik təqdim olunub. Eyni zamanda tələbələr marifləndirici xarakterli çıxışlar ediblər.

Sonda mövzu ilə bağlı məlumatları əks etdirən broşürlər paylanılıb.