XƏBƏRLƏR

ADU-da doktorantlarla görüş keçirilib

19 iyun, 2026

İyunun 18-də Azərbaycan Dillər Universitetində (ADU) Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva ilə universitetin doktorantları arasında görüş keçirilib.

Görüş zamanı doktorantların elmi-tədqiqat fəaliyyətinin mövcud vəziyyəti, dissertasiya işlərinin icra mərhələləri və qarşıda duran vəzifələri müzakirə olunub. Doktorantlar apardıqları tədqiqat işləri, əldə etdikləri nəticələr, nəşr etdirdikləri elmi məqalələr, iştirak etdikləri konfranslar və dissertasiya mövzuları üzrə görülən işlər barədə məlumat veriblər.

Professor Həmidə Əliyeva doktorantların elmi fəaliyyətinin planlı şəkildə aparılmasının vacibliyini vurğulayaraq tədqiqatların keyfiyyətinin yüksəldilməsi, elmi yeniliyin təmin edilməsi ilə bağlı tövsiyələrini səsləndirib. O, doktorantların fərdi inkişafının universitetin elmi potensialının güclənməsində mühüm rol oynadığını qeyd edib.

Görüşdə həmçinin dissertasiya işlərinin hazırlanması prosesində qarşıya çıxan çətinliklər, elmi rəhbərlərlə əməkdaşlıq, məqalələrin nüfuzlu elmi nəşrlərdə dərc olunması və akademik etikaya riayət olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva də iştirak edib. Görüş interaktiv müzakirələr şəraitində keçib, doktorantların sualları cavablandırılıb və onların gələcək elmi fəaliyyətinə dair təklifləri dinlənilib.