ADU-da dosent Şəmsinur Aslanovanın 55 illik yubileyi qeyd olunub
Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsi və Avropa Dilləri kafedrası Avropa Dilləri kafedrasının müdiri, dosent Şəmsinur Veysəl qızı Aslanovanı 55 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə qeyd olunur ki, Şəmsinur Aslanovanın ali təhsilin inkişafına, xarici dillərin tədrisinin təkmilləşdirilməsinə və elmi-pedaqoji fəaliyyətin səmərəli təşkilinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirilir. Kollektiv yubilyara möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, elmi-pedaqoji fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayıb.
Bildirilib ki, Şəmsinur Aslanova uzun illər ərzində Azərbaycan təhsilinin və filologiya elminin inkişafına öz dəyərli töhfələrini verib, yüksək peşəkarlığı, zəngin elmi-pedaqoji fəaliyyəti və təşkilatçılıq qabiliyyəti ilə həmkarları və tələbələri arasında böyük nüfuz qazanıb. O, ali təhsilin inkişafı, xarici dillərin tədrisinin təkmilləşdirilməsi və elmi kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərərək universitet həyatında mühüm yer tutub.
Qeyd olunub ki, dosent Şəmsinur Aslanova əmək fəaliyyətinin bütün mərhələlərində prinsipiallığı, məsuliyyət hissi, pedaqoji ustalığı və insanpərvərliyi ilə seçilib. Onun rəhbərlik etdiyi Avropa Dilləri kafedrası elmi və tədris fəaliyyətində əldə etdiyi nailiyyətlərlə universitetin qabaqcıl struktur bölmələrindən biri kimi tanınır.
Şəmsinur Aslanovanın elmi araşdırmaları, dərs vəsaitləri, metodik tövsiyələri və çoxsaylı məqalələrinin xarici dillərin tədrisi sahəsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tələbələrin və gənc müəllimlərin yetişməsində göstərdiyi xidmətlər, həmçinin universitetin ictimai həyatında fəal iştirakı onun çoxşaxəli fəaliyyətinin bariz göstəricisi kimi dəyərləndirilib.
Yubiley münasibətilə Şəmsinur Aslanova təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.





