ADU tələbələri “Vergilər” mövzusunda debat turnirinin çempionu olublar
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Vergilər” mövzusunda debat turnirində uğurlu nəticələr əldə ediblər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda debat turniri uğurla yekunlaşıb.
29 ali təhsil müəssisəsini təmsil edən tələbələrin iştirak etdiyi turnirdə Azərbaycan, ingilis və rus bölmələri üzrə ümumilikdə 62 debatçı mübarizə aparıb.
Turnirin nəticələrinə əsasən, Azərbaycan Dillər Universitetinin komandaları yüksək nəticələr göstərərək ingilis bölməsi üzrə çempion adına layiq görülüb, Azərbaycan və rus bölmələri üzrə isə finala yüksələrək universiteti uğurla təmsil ediblər.
Tələbələrin uğuru münasibətilə ADU-nun rektoru, akademik Kamal Abdulla onlarla görüş keçirib. Görüş zamanı rektor çempion komandaya kuboku təqdim edib, tələbələri əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Komandalarımızı və məşqçilərimizi ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!



























