Biləsuvarda akademik Kamal Abdulla ilə görüş keçirilib
İyunun 1-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyində “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Tədbirdə Azərbaycan dilinin milli-mənəvi kimliyin əsas daşıyıcısı kimi qorunmasının əhəmiyyəti, gənc nəslin ana dilinə bağlılıq ruhunda tərbiyəsi, eləcə də Azərbaycanın beynəlxalq humanitar-mədəni əlaqələrinin inkişafında dil faktorunun rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Akademik Kamal Abdulla çıxışında Azərbaycan dilinin dövlətçilik və milli şüur baxımından müstəsna əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin strateji mahiyyətindən bəhs edib.
Akademik Kamal Abdulla çıxışına Biləsuvar Liseyində olmaqdan məmnunluğunu ifadə etməklə başlayıb, Biləsuvar Rayon İcra Hakimiyyətinə, lisey rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutan Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsini ehtiramla yad edərək qeyd edib ki, bu təhsil ocağı yalnız elm və tədris məkanı deyil, eyni zamanda vətənpərvərlik, milli ruh və mənəvi dəyərlərin yaşadıldığı mühüm mərkəzdir.
Akademik bildirib ki, görüşün əsas mövzusu olan Azərbaycan dilinin saflığının qorunması məsələsi müasir dövrdə milli kimlik və mədəni davamlılıq baxımından xüsusi aktuallıq kəsb edir. O vurğulayıb ki, Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində dövlət siyasətinin əsas istiqamətləri Prezident İlham Əliyevin çıxış və müsahibələrində aydın şəkildə ifadə olunub. Dövlət başçısının dil siyasəti ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli varlığın və mənəvi bütövlüyün təməl elementi kimi dəyərləndirildiyini göstərir. Hər bir Azərbaycan vətəndaşı bu strateji xəttin həyata keçirilməsində öz məsuliyyətini dərk etməlidir.
Biləsuvar Liseyində Konfutsu Mərkəzinin fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndirən ADU-nun rektoru qeyd edib ki, Azərbaycan liseyləri arasında ilk dəfə olaraq məhz Biləsuvarda belə bir mərkəzin yaradılması müəllim və şagirdlərin, bütövlükdə ictimaiyyətin Çin dilinə, mədəniyyətinə və tarixinə artan marağının nəticəsidir. Mərkəzin fəaliyyəti gələcəkdə Azərbaycan və Çin arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Akademik tədbirdə iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin dəstəyini yüksək qiymətləndirərək vurğulayıb ki, Çin tərəfinin təşəbbüsə göstərdiyi diqqət və dəstək gələcəkdə Biləsuvar Liseyi ilə Çinin qabaqcıl təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradacaq. Bu əməkdaşlıq təkcə region üçün deyil, bütövlükdə Azərbaycan təhsil sistemi üçün əhəmiyyətli perspektivlər vəd edir.
Akademik Kamal Abdulla çıxışında xarici dillərin öyrənilməsi ilə ana dilinin qorunması arasında qarşılıqlı əlaqəyə də diqqət çəkib. Azərbaycan Dillər Universitetində hazırda iyirmidən artıq dilin tədris olunduğunu qeyd edən rektor universitet tərəfindən dünyanın müxtəlif ölkələrində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzlərinin fəaliyyətindən danışıb. Bildirib ki, hazırda bir sıra xarici universitetlərdə fəaliyyət göstərən bu mərkəzlər vasitəsilə tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin ədəbiyyatı, tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar. Həmin mərkəzlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Dil məsələsinin yalnız filoloqların və ya dilçi alimlərin deyil, bütün cəmiyyətin məsuliyyət sahəsi olduğunu vurğulayan Kamal Abdulla qeyd edib ki, ana dilinin qorunmasının ən təsirli yollarından biri milli ədəbiyyatın, folklorun və mədəni irsin dərindən mənimsənilməsidir. İnsan mütaliə və mədəni özünüdərk vasitəsilə bəzən özü də hiss etmədən dilin zənginliyini və saflığını qorumuş olur.
Bu baxımdan akademik Kamal Abdulla xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu möhtəşəm abidə Azərbaycan dilinin tarixi inkişaf yolunu, xalqın düşüncə sistemini və mənəvi dünyasını özündə əks etdirən fundamental mənbədir. Dastan yalnız ədəbi əsər deyil, həm də milli kimliyin, tarixi yaddaşın və Azərbaycançılıq məfkurəsinin mühüm daşıyıcısıdır. “Kitabi-Dədə Qorqud”u hər dəfə yenidən oxumaq xalqın ruhunu və milli-mədəni köklərini daha dərindən anlamağa imkan verir.
Akademik təəssüflə qeyd edib ki, hazırda Dastanın tədrisi orta məktəblərdə ümumi xarakter daşıyır, ali məktəblərdə isə əsasən filologiya ixtisasları ilə məhdudlaşır. Halbuki, bu möhtəşəm irsin potensialı daha geniş auditoriyalara çatdırılmalı, onun fəlsəfi, mədəni və ictimai məzmunu cəmiyyətin bütün təbəqələrinə təqdim edilməlidir.
Rektor çıxışında akademik Rafiq Əliyevlə birgə müəllifi olduğu “Dədə Qorqud və qeyri-səlis məntiq” kitabına da toxunub. O qeyd edib ki, dünya şöhrətli alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi prizmasından aparılan araşdırmalar “Kitabi-Dədə Qorqud”un dərin semantik qatlarını, xalqın dünyagörüşünü və mənəvi dəyərlər sistemini yeni rakursdan dəyərləndirməyə imkan verib. Bu yanaşma nəticəsində Dastanın məzmununda indiyədək diqqətdən kənarda qalan çoxsaylı məna qatları üzə çıxarılıb və bir sıra mühüm elmi suallara cavab tapılıb. Aparılan tədqiqatlar Azərbaycan xalqının demokratik düşüncə ənənələrinin qədim tarixi köklərə malik olduğunu göstərir. Dastanın mətnində əks olunan ictimai münasibətlər və mənəvi dəyərlər sistemi xalqımızın demokratik təfəkkürünün qədim dövrlərdən formalaşdığını nümayiş etdirir.
Çıxışının sonunda akademik Kamal Abdulla Azərbaycan dilinin qorunmasını hər bir vətəndaşın müqəddəs borcu kimi xarakterizə edib. O bildirib ki, dilin yaşaması xalqın yaşaması, onun gələcəyə daşınması isə milli varlığın davamlılığı deməkdir. Azərbaycan xalqı əsrlər boyu öz dilini qoruyub saxlamışdır və bu müqəddəs missiya müasir nəslin də üzərinə düşür. Gəncləri ana dilinə sevgi və məsuliyyətlə yanaşmağa çağıran rektor əminliklə ifadə edib ki, Azərbaycan dili bundan sonra da xalqımızın mənəvi gücünün və milli birliyinin əsas dayaqlarından biri olaraq yaşayacaq və inkişaf edəcək.
Sadiq Zaman











































