XƏBƏRLƏR

Biləsuvarda Konfutsi Mərkəzinin açılışı olub

02 iyun, 2026

 İyunun 1-də Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə Konfutsi Mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, səfirliyinin nümayəndələri, ADU-nun Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov, Li Cihua, Təhsil Kompleksinin rəhbərliyi iştirak ediblər.

Açılış mərasimində çıxış edən Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov ADU-nun rektoru, akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və digər qonaqları salamlayaraq onların tədbirdə iştirakını yüksək qiymətləndirib. Son illər Azərbaycan ilə Çin arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran natiq bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının 3 iyul 2024-cü ildə Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verib. Biləsuvarda Konfutsi Mərkəzinin açılması bu strateji tərəfdaşlığın təhsil və mədəniyyət sahəsində uğurlu təzahürlərindən biridir.

Aqşin Bağırov Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə mərkəzin açılmasının əhəmiyyətini vurğulayaraq bu addımın təhsil sahəsində mühüm yenilik olduğunu bildirib. Qeyd edilib ki, belə təşəbbüslər şagirdlərin xarici dil biliklərinin inkişafına geniş imkanlar yaradır, onların müxtəlif mədəniyyətlərə inteqrasiyasını asanlaşdırır və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradır. Həmçinin vurğulanıb ki, mərkəzin fəaliyyəti şagirdlərin yalnız dil bacarıqlarının deyil, eyni zamanda onların qlobal düşüncə tərzinin formalaşmasına, fərqli mədəniyyətlərə qarşı hörmət və anlayış hissinin güclənməsinə xidmət edəcək. Bu mərkəzdə şagirdlərin Çin dilini öyrənməsi gələcəkdə Azərbaycan–Çin əlaqələrinin daha da inkişaf etməsinə, iki ölkə arasında təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsinə, gənc nəslin qarşılıqlı anlaşma və dostluq münasibətləri əsasında yetişməsinə mühüm töhfə verəcək.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Biləsuvarda Konfutsi İnstitutunun açılış mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edib, ADU-nun rektoru, akademik Kamal Abdullaya və Kompleksin icraçı direktoru Aqşin Bağırova Çin dilinin tədrisinin inkişafı və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdikləri töhfələrə görə minnətdarlığını bildirib.

Biləsuvarda Konfutsi İnstitutunun açılışını Azərbaycan–Çin təhsil və mədəni əlaqələrinin inkişafında mühüm addım kimi dəyərləndirən səfir iki ölkə arasında münasibətlərin qədim tarixi köklərindən danışıb. Bildirilib ki, bu gün iki ölkə arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əməkdaşlıq müxtəlif sahələrdə uğurla inkişaf edir.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, Konfutsi Mərkəzinin açılışında iştirak etdiyinə görə Çin Xalq Respublikasının səfirinə təşəkkürünü bildirib.

Rektor qeyd edib ki, kompleksdə açılışı həyata keçirilən Konfutsi Mərkəzi şagirdlərin Çin dilini öyrənməsi ilə yanaşı, Çin xalqının zəngin tarixi, mədəniyyəti, milli dəyərləri və müasir inkişafı ilə yaxından tanış olmalarına  geniş şərait yaradacaq. Bu cür mərkəzlər gənclərin dünyagörüşünün genişlənməsinə, beynəlxalq mədəni mühitə inteqrasiyasına və dil bacarıqlarının inkişafına mühüm töhfə verəcək.

Akademik Kamal Abdulla xanım səfirə ölkəsində Azərbaycan dili mərkəzinin yaradılması təşəbbüsünün dəstəklənməsini təklif edib və bu istiqamətdə müvafiq şəraitin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb. O, bu təşəbbüsün Azərbaycan dili və mədəniyyətinin Çin Xalq Respublikasında daha geniş tanıdılmasına, eləcə də iki ölkə arasında humanitar əlaqələrin daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Rektor həmçinin şagirdlərin Çin dilinə olan yüksək marağını qeyd edərək, tədrisin daha effektiv təşkili üçün Çindən ixtisaslı müəllimlərin dəvət olunmasının vacibliyini bildirib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq şəraitin yaradılmasını diqqətə çatdırıb.

Səfir Lu Mey irəli sürülən təklifləri məmnuniyyətlə qəbul edərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dəstək göstərməyə hazır olduğunu ifadə edib. O, iki tərəf arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.

Tədbirin sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Görüşün əlamətdar xatirəsini əks etdirən hədiyyələrin təqdimatı zamanı səmimi fikir mübadiləsi aparılıb, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.