XƏBƏRLƏR

ADU-nun rektoru Biləsuvar Təhsil Kompleksində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbirində iştirak edib

02 iyun, 2026

 Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın Biləsuvar rayonuna səfəri çərçivəsində Milli Qəhrəman M. İbrahimov adına Biləsuvar Təhsil Kompleksində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, ADU-nun əməkdaşları, Təhsil Kompleksinin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kompleksin icraçı direktoru Aqşin Bağırov qonaqları salamlayaraq, rektor Kamal Abdullanın liseyə ziyarətinin təhsil mühiti və qarşılıqlı əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, çıxışında səfir Lu Meynin tədbirdəki iştirakını yüksək qiymətləndirib və bu cür görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsinə böyük töhfə verdiyini bildirib.

A. Bağırov uşaqların cəmiyyətin ən dəyərli sərvəti olduğunu qeyd edərək, ölkəmizdə onların hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor bu siyasətin təhsil müəssisələrində yaradılan müasir mühit, beynəlxalq tərəfdaşlıqlar və şagirdlərin fərdi potensialının reallaşdırılması vasitəsilə daha da gücləndiyini qeyd edib. O, şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, gələcəkdə vətənpərvər, savadlı və dövlətinə sədaqətli gənclər kimi yetişəcəklərinə inamını ifadə edib.

Akademik Kamal Abdulla çıxışında tədbir iştirakçılarını, o cümlədən Kompleksin direktoru Aqşin Bağırovu, şagirdləri və səfir Lu Meyni salamlayıb. Daha sonra rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Kompleks arasında formalaşmış əməkdaşlıq tarixindən bəhs edən rektor bu tərəfdaşlığın təhsil sahəsində yeni imkanlar açdığını vurğulayıb. K. Abdulla dil öyrənməyin gənclərə qazandırdığı geniş perspektivlərdən danışaraq, xüsusilə Çin dilinin tədrisinin beynəlxalq ünsiyyət və gələcək karyera baxımından mühüm üstünlüklər yaratdığını diqqətə çatdırıb. Rektor ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətinə də toxunaraq, bu cür tədbirlərin uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam formalaşmasına xidmət etdiyini bildirib.
Səfir Lu Mey çıxışında şagirdləri əlamətdar gün münasibətilə təbrik edib. O, Çin dilinin tədrisinin inkişafı, eləcə də Çin–Azərbaycan mədəni mübadiləsinin genişləndirilməsi istiqamətində uzun illər göstərdikləri töhfələrə görə ADU rəhbərliyinə və Kompleks rəhbərliyinə minnətdarlığını bildirib. Uşaq hüquqlarının qorunması və onların rifahının yüksəldilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən səfir, iki ölkə arasında təhsil sahəsində və gənc nəslin inkişafı istiqamətində əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Diplomat çıxışının sonunda uşaqlara sülh, xoşbəxtlik və parlaq gələcək arzulayıb.

Tədbirin bədii hissəsində Azərbaycan və xarici dillərdə mahnılar səsləndirilib, müxtəlif rəqs nömrələri nümayiş olunub. Həmçinin Kompleksin şagirdləri tərəfindən hazırlanan “Uşaqlar dünyanı idarə etsəydi” adlı səhnəcik vasitəsilə azyaşlıların dünyaya baxışı, arzu və düşüncələri tamaşaçılara çatdırılıb.