18 May Beynəlxalq Muzeylər Günü
1977-ci ildən bəri ICOM hər il beynəlxalq muzey icması üçün unikal bir an olan Beynəlxalq Muzeylər Gününü təşkil edir. Beynəlxalq Muzeylər Gününün (IMD) məqsədi “Muzeylərin mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi və xalqlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və sülhün inkişaf etdirilməsi üçün mühüm vasitə olması” faktı barədə məlumatlılığı artırmaqdır. Bu mövzu, həmçinin il ərzində ICOM-un 80 illik yubileyinin qeyd edilməsinə rəhbərlik edəcək və təşkilatın qlobal muzey icmasını gücləndirmək və onun sosial rolunu inkişaf etdirmək üçün uzunmüddətli öhdəliyini bir daha təsdiqləyəcək.
2026-cı il üçün Beynəlxalq Muzeylər Şurası (ICOM - International Council of Museums) tərəfindən elan edilən “Bölünmüş Dünyanı Birləşdirən Muzeylər” (“Museums Uniting a Divided World”) mövzusu müasir dövrdə muzeylərin cəmiyyətdə artan rolunu bir daha ön plana çıxarır.
Qloballaşma ilə yanaşı sosial və mədəni parçalanmaların dərinləşdiyi bir şəraitdə muzeylər yalnız mədəni irsi qoruyan institutlar deyil, həm də müxtəlif cəmiyyətlər arasında dialoq yaradan mühüm platformalar kimi çıxış edir.
Azərbaycan kontekstində bu mövzu xüsusi aktuallıq kəsb edir ki, burada fəaliyyət göstərən bir çox aparıcı muzeylər milli və qlobal mədəniyyətin təqdimində mühüm rol oynayır. Bu mədəniyyət ocaqları müxtəlif tarixi dövrləri, incəsənət nümunələrini və ənənələri bir araya gətirməklə fərqli kimliklər arasında anlaşmanın formalaşmasına xidmət edir. Beləliklə, muzeylər cəmiyyət daxilində və beynəlxalq müstəvidə qarşılıqlı anlaşmanı gücləndirən vasitəyə çevrilir. Müasir muzeyşünaslıqda muzeylər aşağıdakı funksiyalarla xarakterizə olunur: Mədəni irsin qorunması; Təhsil və maarifləndirmə; Sosial inklüzivliyin təşviqi; İctimai dialoq platforması yaratmaq. “Bölünmüş dünyanı birləşdirmək” konsepsiyası bu funksiyaların sintezi kimi çıxış edir.
Müasir dünyada sosial, siyasi və mədəni parçalanmaların artması fonunda mədəni institutların rolu daha da aktuallaşır. Muzeylər bu baxımdan yalnız eksponatların nümayiş etdirildiyi məkanlar deyil, həm də ictimai dialoq və qarşılıqlı anlaşma platformaları kimi çıxış edir. 2026-cı il üçün seçilmiş mövzu muzeylərin bu transformativ rolunu vurğulayaraq onları “bölünmüş dünyanı birləşdirən” aktor kimi təqdim edir. Xüsusilə universitet muzeyləri bu missiyanın həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən muzey bu baxımdan diqqətəlayiq nümunədir. Universitet mühiti daxilində formalaşan bu muzey yalnız eksponatların nümayişi ilə kifayətlənmir, eyni zamanda təhsil və tədqiqat funksiyalarını birləşdirir. Burada təqdim olunan materiallar müxtəlif xalqların dillərini, mədəniyyətlərini və tarixi inkişafını əks etdirərək tələbələrdə multikultural düşüncənin formalaşmasına şərait yaradır. Bu isə “bölünmüş dünyanı birləşdirmək” ideyasının akademik mühitdə praktik tətbiqi kimi qiymətləndirilə bilər. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən muzeyin diplomatik və mədəni əlaqələr kontekstində daha geniş təqdimatı onun kolleksiyalarının formalaşma mənbələri ilə birbaşa bağlıdır. Xüsusilə universitetə müxtəlif ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlar tərəfindən təqdim olunan hədiyyələr bu muzeyin mahiyyətini yalnız ekspozisiya məkanı kimi deyil, həm də beynəlxalq münasibətlərin simvolik arxivi kimi xarakterizə etməyə imkan verir. Bu kontekstdə muzey kolleksiyası klassik muzey eksponatlarından fərqli olaraq, “diplomatik obyektlər” kimi dəyərləndirilə bilər. Bu çərçivədə ADU muzeyi tərəfindən “Muzey eksponatının hekayəsi” adlı elmi-tədqiqat layihəsi həyata keçirilir və adu.edu.az saytında, rəsmi facebook platformasında paylaşılır. Müxtəlif ölkələri təmsil edən suvenirlər, milli atributlar, kitablar, sənət nümunələri və xatirə hədiyyələri yalnız estetik və ya tarixi əhəmiyyət daşımır, eyni zamanda dövlətlərarası münasibətlərin, akademik əməkdaşlığın və mədəni mübadilənin konkret göstəriciləridir. Belə yanaşma muzeyin funksiyasını ICOM (International Council of Museums) tərəfindən müəyyən edilən müasir muzey anlayışı ilə uyğunlaşdırır. ICOM-un yanaşmasına görə muzeylər yalnız keçmişi qoruyan deyil, həm də cəmiyyətlər arasında əlaqə yaradan canlı institutlardır. ADU muzeyində sərgilənən diplomatik hədiyyələr məhz bu əlaqələrin vizual və maddi ifadəsi kimi çıxış edərək fərqli mədəniyyətlər arasında körpü yaradır. Eyni zamanda bu fəaliyyət UMAC (International Committee for University Museums and Collections) çərçivəsində universitet muzeylərinin roluna tam uyğun gəlir. UMAC universitet muzeylərini akademik mühit daxilində bilik, mədəniyyət və beynəlxalq əməkdaşlığın inteqrasiya olunduğu məkanlar kimi qiymətləndirir. Qeyd edək ki, ADU Muzeyi UMAC bazasında yer alan Azərbaycanın ilk universitet muzeyidir (https://university-museums-and-collections.net/search?country%5B%5D=14). ADU muzeyində toplanmış hədiyyələr isə bu inteqrasiyanı konkret və müşahidə edilə bilən formaya çevirir. Diplomatik hədiyyələrin muzeydə təqdim olunması həm də “mədəni diplomatiya” anlayışı ilə sıx bağlıdır. Bu anlayış çərçivəsində mədəniyyət vasitəsilə qurulan əlaqələr rəsmi siyasi münasibətləri tamamlayır və daha yumşaq, davamlı təsir mexanizmi yaradır. Bu yanaşma 2026-cı il üçün müəyyən edilmiş “muzeylər bölünmüş dünyanı birləşdirir” ideyası ilə də birbaşa əlaqəlidir. Çünki bu, həm simvolik, həm də praktik səviyyədə “birləşdirici məkan” funksiyasını həyata keçirir. Bu yanaşma muzeyi üç səviyyədə xarakterizə etməyə imkan verir: beynəlxalq əlaqələrin arxivi, mədəni diplomatiya platforması və akademik tədqiqat məkanı. Belə bir model həm International Council of Museums, həm də International Committee for University Museums and Collections tərəfindən irəli sürülən müasir muzey konsepsiyalarına uyğun olmaqla yanaşı, Azərbaycan universitet muzeylərinin qlobal kontekstdə yerini də daha aydın şəkildə müəyyənləşdirir.
2026-cı il mövzusu muzeylərin qlobal miqyasda birləşdirici gücünü vurğulayır. Azərbaycan muzeylərinin və xüsusilə universitet muzeylərinin fəaliyyəti göstərir ki, bu institutlar mədəni müxtəlifliyi qorumaqla yanaşı, eyni zamanda cəmiyyətlər arasında körpü rolunu uğurla yerinə yetirir. Bu yanaşma həm milli səviyyədə, həm də beynəlxalq kontekstdə qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası və mövzu arasında dərin məzmun və məqsəd uyğunluğu mövcuddur. Hər iki yanaşma mədəniyyətin və xüsusilə muzeylərin cəmiyyətlərarası körpü rolunu ön plana çıxarır. Konsepsiya ulu öndər Heydər Əliyevin milli mədəniyyəti dövlətçilik şüurunun ayrılmaz hissəsi kimi görən strateji xəttini davam etdirir. Konsepsiya mədəniyyətin rəqəmsallaşdırılması, rəqəmsal mədəniyyətin inkişafı və bilik cəmiyyətinə keçidi əsas prioritet kimi müəyyən edir. Azərbaycanın milli dəyərləri olan tolerantlıq, multikulturalizm və mədəniyyətlərarası dialoq dövlət siyasətinin mühüm hissəsi kimi sənəddə öz əksini tapır. Müstəqil Azərbaycanda multikulturalizm və tolerantlıq prinsipləri Ulu öndər Heydər Əliyevin müdrik uzaqgörənliyi ilə dövlət siyasəti səviyyəsinə qaldırılmış, bu gün isə Prezident İlham Əliyev tərəfindən qlobal miqyasda uğurla inkişaf etdirilir. Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı akademik Kamal Abdulla bu dövlət xəttini dərindən dəyərləndirərək, universitetin tədris və mədəni mühitində multikulturalizm ənənələrini fundamental şəkildə yaşadır və gənc nəslə aşılayır. Akademik ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” dərsliklərinin ideya müəllifi və əsas tərtibçisidir. Onun rəhbərliyi ilə Azərbaycan multikulturalizmi fənni ölkə daxilində və bir çox xarici universitetlərdə tədris proqramına daxil edilmişdir. O, multikulturalizmi sadəcə siyasi model deyil, Azərbaycan xalqının “həyat tərzi” və mənəvi dəyəri kimi əsaslandırır. Kamal Abdulla ədəbi yaradıcılığında (məsələn, “Yarımçıq əlyazma”) “Kitabi-Dədə Qorqud” dastanındakı dözümlülük və digər xalqlara hörmət ideyalarını ön plana çıxarır. Əsərlərində müxtəlif mədəniyyətlərin, inancların və fərqli dünyagörüşlərinin birgəyaşayış bədii fəlsəfəsini işləyir.
Beləliklə, “Bölünmüş Dünyanı Birləşdirən Muzeylər” mövzusu ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bir-birini tamamlayan strateji yanaşmalar kimi çıxış edir. Bu yanaşmalar fonunda Azərbaycan muzeyləri, o cümlədən ADU muzeyi, yalnız mədəni irsin qorunması ilə kifayətlənməyərək, həm də cəmiyyətlərarası anlaşmanın, mədəni dialoqun və qlobal inteqrasiyanın mühüm iştirakçısına çevrilir. Bu isə müasir dövrdə muzeylərin rolunun daha geniş və çoxşaxəli xarakter daşıdığını bir daha təsdiq edir. Beləliklə, Azərbaycan muzeyləri və Azərbaycanın dünya dövlətləri arasında mədəniyyət siyasəti bu iki istiqamətin sintezində həm milli dəyərlərin qoruyucusu, həm də qlobal miqyasda birləşdirici mədəni institut kimi çıxış edərək XXI əsrin mədəni çağırışlarına cavab verir.
Lalə Məmmədova
ADU Muzey müdiri
