“Azərbaycan ədəbi dilinin inkişafına kütləvi informasiya vasitələrinin təsiri” mövzusunda seminar keçirilib
Fevralın 20-də Azərbaycan Dillər Universitetidə (ADU) Azərbaycan dilçiliyi kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin inkişafına kütləvi informasiya vasitələrinin təsiri” mövzusunda seminar keçirilib.
Tədbirin əsas məqsədi müasir informasiya məkanında ədəbi dil normalarının qorunması, zənginləşdirilməsi və inkişafında kütləvi informasiya vasitələrinin rolunu elmi müstəvidə müzakirə etmək olub.
Seminarı giriş sözü ilə Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva açaraq ədəbi dilin milli kimliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, qloballaşma və rəqəmsallaşma dövründə dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mədəni yaddaşın daşıyıcısı kimi strateji əhəmiyyət daşıyır.
Tələbə Elmi Cəmiyyətinin üzvü Ülkər Əsgərova “Ana dili: Kimliyimizin səsi” mövzusunda çıxış edərək ana dilinin milli özünüdərk prosesindəki rolunu təhlil edib. Bildirilib ki, ana dili təkcə kommunikativ vasitə deyil, həm də xalqın tarixi təcrübəsini, mənəvi dəyərlərini və dünyagörüşünü özündə ehtiva edən mədəni sistemdir. Müasir informasiya mühitində dilin qorunması məsələsi daha da aktuallaşır.
Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel İsmayılova “Ana dilimizə dövlət qayğısı” mövzusunda çıxışında Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini diqqətə çatdırıb. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan fərman və sərəncamların dövlət dilinin tətbiqi və normativ əsaslarının möhkəmləndirilməsi baxımından mühüm rol oynadığı vurğulanıb. Bu istiqamətdə normativ-hüquqi bazanın gücləndirilməsi ədəbi dil normalarının ictimai həyatın bütün sahələrində tətbiqinə zəmin yaradır.
Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlova “Azərbaycan ədəbi dilinin inkişafına kütləvi informasiya vasitələrinin təsiri (müsbət və mənfi təsiri)” mövzusunda məruzəsində məsələyə kompleks yanaşma sərgiləyib.
Qeyd olunub ki, televiziya, radio, çap mediası və xüsusilə rəqəmsal platformalar ədəbi dilin formalaşması və yayılmasında mühüm rol oynayır. KİV vasitəsilə ədəbi dil normaları geniş auditoriyaya çatdırılır, yeni termin və ifadələr dövriyyəyə daxil olur, dilin funksional imkanları genişlənir.
Bununla yanaşı, sürətli informasiya axını, sosial şəbəkə ünsiyyətinin qeyri-rəsmi xarakteri və xarici dillərin təsiri nəticəsində dil normalarının pozulması halları da müşahidə olunur. Orfoqrafik və orfoepik səhvlər, loru və jarqon elementlərin normativ mühitə daxil olması, sintaktik quruluşun sadələşməsi kimi hallar ədəbi dilin sabitliyinə müəyyən risklər yaradır.
Məruzədə vurğulanıb ki, KİV həm ədəbi dilin qoruyucusu, həm də onun transformasiyaedici mexanizmi kimi çıxış edir. Bu baxımdan media nümayəndələrinin dil məsuliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Məruzələrdən sonra ilk çıxış universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva tərəfindən edilib. O, çıxışında dövlət dili siyasətinin prioritet istiqamətlərindən bəhs edərək Azərbaycan dilinin dövlət dili kimi tətbiqi qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıb, ana dilinin qorunmasını isə milli kimliyin əsas şərtlərindən biri kimi dəyərləndirib. Professor qeyd edib ki, İlham Əliyev də öz çıxışlarında ana dilini xalqın milli-mənəvi varlığının əsası kimi səciyyələndirir və bu yanaşma dilə münasibətdə ümummilli məsuliyyətin formalaşmasına xidmət edir.
Seminar çərçivəsində aparılan müzakirələr göstərib ki, müasir informasiya cəmiyyətində ədəbi dilin inkişafı ilə KİV arasında qarşılıqlı və dinamik əlaqə mövcuddur. Kütləvi informasiya vasitələri ədəbi dilin yayılmasını və zənginləşməsini təmin etsə də, normativliyin qorunması üçün elmi yanaşma, redaktə mədəniyyəti və dövlət səviyyəsində nəzarət mexanizmləri zəruridir.
Tədbirin sonunda iştirakçılar tərəfindən vurğulanıb ki, ədəbi dilin qorunması yalnız dilçi alimlərin deyil, media nümayəndələrinin, təhsil işçilərinin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Seminar elmi diskussiya mühiti yaratmaqla yanaşı, ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində gələcək təşəbbüslər üçün də mühüm platforma rolunu oynayıb.













