Beynəlxalq konfransda ”Azərbaycan tərcümə ensiklopediyası" və “Xəzər” jurnalının təqdimatı olub
Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı çərçivəsində “Azərbaycan tərcümə ensiklopediyası”nın və “Xəzər” jurnalının 2-ci nömrəsinin təqdimatı keçirilib.
Səlcuq Universitetinin əməkdaşı Rövşən Ramizoğlu giriş sözü ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, təqdim olunan nəşrlər tərcümə sahəsində mühüm əhəmiyyətə malikdir. “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.
Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır.
ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans çərçivəsində baş tutan görüşlərin, bölmə iclaslarının əhəmiyyətindən söz açıb. Tərcümə sahəsində görülən işlər haqqında danışıb. Söylənilib ki, ADU son illər tərcümə sahəsində bir sıra uğurlara imza atıb.
Kitabın ideya müəllifi Kamal Abdulla qeyd edib ki, 10 ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir. Rektor qeyd edib ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmayıb:
“Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq.
Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar, ümumiyyətlə, elm və Azərbaycan mədəniyyətinin tərcümə üfüqlərini öyrənmək istəyən hər bir şəxs üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.
Daha sonra çıxış edənlər “Xəzər” jurnalının baş redaktoru Etimad Başkeçid, yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı, Leyla Əliyeva, akademik Muxtar İmanov, ADU-nun müəllimi Şəhla Nağıyeva və digər iştirakçılar tərcümə sahəsində görülən işlərlə bağlı fikir bildiriblər.
Tədbir tərcümə sahəsi ilə bağlı görülən işlərlə bağlı fikir mübadilələri ilə davam edib.































