XƏBƏRLƏR

Təcrübədə doğulan müəllimlik ruhu

25 iyun, 2025

19.06.2025–20.06.2025-ci il tarixlərində ADU-nun İngilis və alman dilləri fakültəsinin “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs 414a, 414b və 415r qrup tələbələrinin pedaqoji təcrübənin yekununa həsr olunmuş hesabatı dinlənildi. Hesabat komissiyasının tərkibinə İngilis dilinin tədrisi metodikasının dosenti, ped. f. d. Vəfa Bağırova (sədr), həmin kafedranın baş müəllimi Vüsalə Əliyeva (katib), həmin kafedranın müəllimi Könül Həsənzadə (üzv), Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, fil. f. d. Xuraman Əsgərova (üzv), Psixologiya kafedrasının dosenti, fil. f. d. Şəlalə Babayeva (üzv), Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalova (üzv), Əlavə təhsil, təcrübə və karyera şöbəsinin metodisti Nailə Əhmədova (üzv), 35 saylı orta məktəbin müəllimi Sədaqət Məmmədova (üzv) daxil idi.

Tələbələr Bakı şəhərində yerləşən bir sıra orta ümumtəhsil müəssisələrində pedaqoji təcrübə keçmiş, real dərs prosesində iştirak etmiş, müşahidə, planlaşdırma, qiymətləndirmə və tədris bacarıqlarını nümayiş etdirmişlər.

Pedaqoji təcrübə dövründə tələbələr açıq dərslər keçmiş, müəllim peşəsinin praktiki tərəfləri ilə tanış olmuş, sinif mühitinin idarə olunması və şagirdlərlə kommunikasiya kimi sahələrdə peşəkar təcrübə qazanmışlar.

Təcrübənin ilk günü tələbələr üçün həyəcan və maraqla yanaşı, bir sıra praktik və psixoloji çətinliklərlə də yadda qaldı – səssiz siniflər, gözlənilməz suallar, idarə olunması çətin anlar… Amma bu sınaqların hər biri müəllimlik ruhunun formalaşması üçün lazımlı pillələr idi. Çünki bu peşə yalnız biliklə yox, daxili çağırışla yaşanır... Lakin bütün bu çətinliklər əslində gələcək müəllimlərin peşəkar formalaşmasında vacib mərhələ kimi qiymətləndirilməlidir. Tələbələr zamanla bu situasiyalardan nəticə çıxarıb, müxtəlif yanaşmalar tətbiq edib və öz müəllimlik bacarıqlarını tədricən inkişaf etdiriblər. Təcrübənin ilk günündə üzə çıxan bu sınaqlar sonrakı mərhələdə tələbələrin daha inamlı, çevik və peşəkar addımlar atmasına zəmin yaradıb.

Tələbələr öz fəaliyyətlərini əks etdirən slayd təqdimatları, videoçarxlar və foto materiallarla zəngin hesabatlar hazırlayıblar. Onlar bu təqdimatlarda yalnız keçdikləri dərsləri deyil, həm də yaşadıqları duyğuları, qarşılaşdıqları real situasiyaları və əldə etdikləri nəticələri yaradıcı şəkildə təqdim ediblər.

Komissiya üzvləri tərəfindən bu təqdimatlar yüksək qiymətləndirilib. Tələbələrin yalnız bilik deyil, həm də təşəbbüs, yaradıcılıq və pedaqoji həssaslıq nümayiş etdirməsi xüsusi qeyd olunub. Hər bir təqdimat tələbənin təcrübə müddətinə necə ürəklə yanaşdığını, müəllimliyə daxildən bağlandığını və bu sahəyə hazır olduğunu sübut edib.

Komissiya üzvü kimi tələbələrin bir-birindən maraqlı və rəngarəng çıxışlarından aldığım təəssüratları sizinlə bölüşmək istəyirəm.

Pedaqoji təcrübə – bilikdən duyğuya keçən körpü rolunu oynayır.

Universitet auditoriyalarında illərlə toplanan biliklər, metodik qaydalar, tədris prinsipləri – bütün bunlar təcrübənin ilk günündə sanki sual altına düşür. Çünki sinif otağı təkcə bilik tələb etmir, duyğu, təmas, səmimiyyət, maraq oyadan baxış da istəyir.

Pedaqoji təcrübə tələbə üçün biliklə duyğu arasında qurulan körpüdür. Bu körpü yalnız planla keçilmir, bu körpüdən yalnız ürəklə keçmək olur.

Tələbə bir tərəfdə qaydaları xatırlayır, digər tərəfdə isə şagirdin dünyasına enməyə çalışır. Orada bilik izah olunmur – hiss etdirilir, orada müəllim statusu verilmir – qazanılır. Bu zaman tələbə anlayır: əsl müəllimlik insanın ruhuna toxunma bacarığıdır.

Pedaqoji təcrübə, bax, budur – kitabdan çıxıb qəlbə yönələn yol, mətnlərdən çıxıb baxışa çevrilən dərs, nəzəriyyədən həyata atılan inamlı addım.

Və bu yolu keçən tələbə artıq dəyişmiş olur. O, indi təkcə öyrədən deyil – hiss edən, anlayan və ilham verən müəllimə çevrilmək yolundadır.

Universitet illərində tələbəyə çox şey öyrədilir: nəzəriyyə, metodika, texnika, yanaşma… Amma bir hiss var ki, onu nə dərslik izah edir, nə mühazirə açıqlayır. O hiss yalnız yaşanaraq qazanılır – bu hissin adı müəllimlik ruhudur.

Pedaqoji təcrübə tələbələr üçün biliklərini tətbiq etmə mərhələsi olmaqla yanaşı, həm də müəllimliklə ilk dəfə təmas anıdır. Lövhə qarşısına keçən tələbə artıq sadəcə bir öyrənən deyil – öyrədən, yönləndirən, dinləyən və bəzən sadəcə baxışla anlayan insana çevrilir.

Uşaq baxışlarında özünü tapan tələbə – pedaqoji təcrübənin səssiz dərslərini artıq anlamağa başlayır.

Məhz pedaqoji təcrübə – dərs proqramlarının tətbiqi deyil təkcə. Bəzən o, sözsüz danışan baxışlardan, səssiz anlardan, bir cümlədən çox düşüncədən ibarət olur.

Elə anlar olur ki, heç bir dərs vəsaiti onu izah edə bilməz. Uşaq baxışları – məhz orada tələbə özünü tapır. Nə üçün bu ixtisası seçdiyini, bu peşəyə niyə könül verdiyini o baxışlar xatırladır.

İlk günlərdə əllərində plan, qəlblərində həyəcan sinfə daxil olan tələbələr zaman keçdikcə şagirdlərin ehtiyacını oxumağı, dərsdən daha çox ünsiyyət qurmağı, təlimdən çox tərbiyə verməyi öyrəniblər. Və bu prosesdə yavaş-yavaş içlərində bir dəyişiklik baş verib – peşəyə yox, ruha çevrilən bir bağlılıq doğulub. Və bu ruhla yoluna davam edən hər bir tələbə artıq müəllimliyə yox, insana yönəlmiş bir ömür missiyasına hazırdır.

Bu il pedaqoji təcrübədə iştirak edən tələbələr sinif otaqlarına yalnız proqram materialları ilə girməyiblər. Onlar ürəklərində həvəs, üzlərində məsuliyyət, baxışlarında inamla girdilər. Dərs deyiblər, izah ediblər, öyrədiblər. Uşaqlar onlardan təkcə dil bilgisi və qaydalar yox, sevgini, diqqəti, əminliyi və ünsiyyəti öyrəniblər. Ancaq bu proses təktərəfli olmayıb. Hər “müəllimim” çağırışı, hər sual, hər təbəssüm tələbənin daxilindəki inamı bir az da möhkəmləndirib. Təcrübənin sonuna yaxın onlar artıq bir cümləni öz içlərində qəti şəkildə deyə biliblər: “Mən müəllim ola bilərəm.” Bu cümlə təkcə bir fikir deyil – bu, daxili inamın, keçilən yolun və qazanılan təcrübənin səsinə çevrilmiş etirafdır.

Bəli, onlar uşaqlara bilik veriblər.

Amma özlərinə inam qazandırıblar.

Onlar başa düşüblər ki, müəllimlik təkcə öyrətmək deyil – ruh vermək, yol göstərmək və inam aşılamaqdır. Pedaqoji təcrübənin həqiqi dəyəri də məhz bundadır. Bu dəyər nə qiymətlə, nə statistikayla ölçülə bilməz. O dəyər şagirdin parlayan gözündə, tələbənin yüksələn səsində, müəllimliyə atılan ilk cəsarətli addımda gizlidir.

Təcrübə müddətində Müəllim adının məsuliyyəti ilk dəfə tələbənin çiyinlərində hiss olunub. Müəllim adı – deyilməsi asan, daşıması ağır bir dəyərdir. Bu adın arxasında təkcə bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaq, yol göstərmək dayanır. Pedaqoji təcrübəyə yollanan tələbələr ilk dəfə bu adın məsuliyyətini həqiqətən çiyinlərində hiss ediblər.

Lövhənin qarşısında dayanmaq, bir neçə dəqiqə ərzində sinfin diqqətini toplamaq, fikrini aydın ifadə etmək, uşaq dünyasına enmək və eyni zamanda öyrətmək… Bu, sadəcə metodika deyil – daxili hazırlıq, ürək sabitliyi və ruh böyüklüyü tələb edir. Təcrübənin ilk günlərində tələbələr bu vəzifəyə sadəcə “hazırlıq mərhələsi” kimi yanaşıblar, amma zamanla anlayıblar: müəllimlik bir rolu ifa etmək deyil, bir dəyəri yaşamaqdır. Sinif otağında hər baxış, hər sual, hər gülümsəmə və hər cavab – onların üzərinə yavaş-yavaş bir məsuliyyət yükləyib: “Mən artıq müəlliməm.”

Bu mərhələdə tələbələr “müəllim” sözünün sadəcə bir status olmadığını, bunun etibar və inamla yüklənmiş bir kimlik olduğunu hiss ediblər. Dərs keçərkən təkcə fənn deyil, davranış da öyrədiblər. Bəzən səbr, bəzən ədalət, bəzən insanlıq dərsi…

Onların üzərində hələ diplom yox idi, lakin artıq müəllim adının yükü var idi. Və bu yük təkcə fiziki deyil – mənəvi idi. Bəlkə də ilk dəfə çiynində bir sinfin taleyinə toxunan bir sözün, bir baxışın, bir qərarın məsuliyyətini daşıyıblar.

Bu təcrübə göstərib ki, müəllimlik yalnız bir peşə deyil. Bu, bir inamı daşımaq, bir millətin gələcəyinə toxunmaq, bir uşağın taleyində yol olmaq deməkdir.

Bəli, bu gün onlar hələ tələbədir. Amma artıq onların çiyinlərində bir ad var: MÜƏLLİM.

Onlar həm öyrədiblər, həm dəyişiblər – təcrübə həyat dərsinə çevrilib. Pedaqoji təcrübə – sadəcə dərs demək deyil. Bu, gələcək müəllimin özünü kəşf etdiyi, öyrətmək istədiyi qədər öyrəndiyi, sinif otağında təkcə mövzu yox, ürəkdən-ürəyə yol qurduğu bir həyat mərhələsidir.

Uşaqlara bilik, özlərinə inam veriblər – pedaqoji təcrübənin həqiqi dəyəri məhz budur. Pedaqoji təcrübə sadəcə bir mərhələ, bir təlim deyil. Bu, həm öyrədən, həm formalaşdıran bir prosesdir – ikiistiqamətli bir yol: biri şagirdə doğru gedir, digəri tələbənin özünə qayıdır. Bu yolda tələbə təkcə bilik ötürmür, o, eyni zamanda özünü tanıyır, yetişir və inam qazanır.

Bu təcrübə onlara müəllimlik peşəsinin sadəcə bilik ötürməkdən ibarət olmadığını göstərib. Hər səhər “Salam, müəllim” deyən bir səsin məsuliyyətini daşımaq, bir baxışdan duyğu oxumağı bacarmaq, səmimi bir sual qarşısında səbrli cavab tapmaq – bütün bunlar təcrübə müddətində formalaşan dərin dəyişikliklər idi. Bəli, onlar öyrədiblər – alman dilini, qrammatikanı, yeni sözləri... Amma özləri də dəyişiblər – düşüncə tərzləri, məsuliyyət duyğuları, dünyaya baxış bucaqları zənginləşib.

Pedaqoji təcrübə onlar üçün məktəb divarları arasında bitməyib – o, gələcək peşələrinin əxlaqını, mənəviyyatını və vicdan yükünü yaşadan bir həyat dərsi olub. Bu yolun sonunda tələbələr artıq sadəcə tələbə deyillər. Onlar artıq “Mən müəllim olacağam” yox, “Mən müəllimə çevrilirəm” deyə biləcək bir inamın sahibi olublar. Çünki hər dəyişən insan – özü də dəyişib. Onlar sinif otaqlarını tərk ediblər, amma o otaqlarda bir iz, bir səs, bir “müəllimim” çağırışı qalıb.

Bəs, bir uşağın dilindən çıxan “MÜƏLLİMİM” sözünün arxasında nə dayanır? Sadəcə müraciət forması, yoxsa içdən gələn bir minnətdarlıq, etibar, heyranlıq? Bu sözün sehri ondadır ki, o, qəlbdən gəlir. Səmimidir. Təmizdir. Və həqiqidir. Pedaqoji təcrübəyə yollanan tələbə ilk dəfə sinif otağına girəndə özünü imtahanda hiss edib. Lövhənin qarşısında dayanmaq, onlarla cüt baxışın içində öz səsini tapmaq, bir mövzunu izah edərkən həm anlamaq, həm də anladan olmaq – bu, sadəcə fənn keçmək deyil. Bu, müəllimliyə doğru ruhani bir yolun başlanğıcıdır.

Və o an gəlib… Bir şagird çəkilərək, amma içdən gələn təbəssümlə deyir: “MÜƏLLİMİM…” Bu bir səsdir, amma gənc müəllimin qəlbində uca zirvəyə bərabər çağırış kimi səslənib. Bu sözlə tələbə artıq sadəcə tələbə deyil. O, bir şagirdin gözündə məlumat yox, dəyər daşıyan, sevgi yayan, yol göstərən insana çevrilib. Pedaqoji təcrübə məhz bu duyğunu yaşamaq üçündür. O “MÜƏLLİMİM” sözü tələbənin içindəki inamı alovlandırıb, zəhmətinin, hazırlığının və həyəcanının qarşılığını verib. Tələbə qəlbdən gələn ilk “müəllimim” sözünün sehrinə dalıb: bu sözlə o, anlayıb ki, müəllimlik sadəcə peşə deyil, həm də şərəfli missiyadır.

Bu gün artıq çoxları üçün bu təcrübə mərhələsi bir sınaq yox, bir doğuluş olub – müəllimlik ruhunun, içdən gələn səssiz, amma güclü bir inamın doğuluşu. Bəzən bir müəllim üçün ən böyük motivasiya nə proqramdır, nə dərslik. Bəzən bir tələbə üçün ən dəyərli yol göstərici nə plan, nə metodika. Bəzən sadəcə bir uşaq baxışı yetər.

Pedaqoji təcrübə zamanı tələbələrin öyrəndikləri təkcə fənn deyildi. Onlar uşaq baxışlarında inamı, marağı, heyranlığı, bəzən də çaşqınlığı, qorxunu, ehtiyacı oxumağı öyrəniblər. Hər bir baxış bir cavab istəyirdi – bəzən səbr, bəzən diqqət, bəzən sadəcə bir gülümsəmə… İlham məhz orada doğulub – şagirdin bir sual dolu gözündə, çəkinərək qaldırdığı əlində, dərs sonunda pıçıltı ilə deyilən “Sağ olun, müəllim” sözündə.

Bəli, onlar bu təcrübədə dərs deyiblər, izah ediblər, yazdırıblar. Amma ən böyük öyrəndikləri dərs – müəllimlik ruhunun məhz uşaq baxışlarında yaşadığı olub. Və o ruhla yoluna davam edənlər artıq sadəcə tələbə deyillər. Onlar ilhamı gözlərdən oxuyan, sevgini fənnə çevirən müəllim namizədləridirlər.

Təcrübəyə yeni başlayan tələbə əlində planla sinfə daxil olub. Amma tezliklə anlayıb ki, bu sinifdə yalnız plan deyil, insan var, ruh var, sükutun içində səslənən ehtiyaclar var. Bir uşaq baxışla “məni başa düş” deyir, biri “məni dinlə”, digəri “məni tanı”. Tələbə lövhə qarşısında dayanır, amma qəlb qarşısında da cavabdeh olur. Uşaqlar çox şey demir, amma çox şeyi öyrədirlər. Səssizliyində çağırış, sadəliyində dərinlik var. Onlar tələbəyə danışmağı yox, dinləməyi, izah etməyi yox, hiss etməyi, məktəbli olmaqdan çox insan olmağı öyrədirlər. Bu, pedaqoji təcrübənin görünməyən dərsliyidir – səssiz dərs, amma ən çox iz buraxan dərs.

Uşaq baxışlarında özünü tapan tələbə artıq dəyişib. İndi onun əlində təkcə plan deyil – məsuliyyət, daxili güc, peşəyə inam var. O, artıq anlamağa başlayıb: müəllim olmaq – sadəcə fənni öyrətmək yox, bir baxışa dayaq olmaq, bir sükuta cavab tapmaqdır.

Bəli, təcrübə bitib. Dərslər yekunlaşıb. Amma o baxışlar tələbənin içində qalacaq. Onlar daha danışmasa da, hər zaman danışacaq – səssiz, amma öyrədən dillə…

Pedaqoji təcrübə tələbələr üçün sadəcə akademik bir mərhələ deyil, peşəkar və mənəvi inkişafın vacib pilləsidir. Bu müddət ərzində onlar yalnız nəzəri biliklərini tətbiq etməklə kifayətlənməyiblər, həm də müəllimlik peşəsinin daxili məsuliyyətini, şərəfini və mənəvi dəyərini dərindən dərk ediblər. Tələbələr şagirdlərə bilik verməklə yanaşı, onlarla ünsiyyət qurmağı, sinif mühitini idarə etməyi, seyredən deyil, yönləndirici olmağı, ən başlıcası isə sevməklə öyrətməyi öyrəniblər. Sinif otaqlarında keçirdikləri hər bir gün onlara həm gələcək peşələrinin reallığını, həm də bu peşəyə olan sevgi və bağlılıqlarını daha dərindən hiss etdirib. Təcrübənin sonunda tələbələr artıq müəllimliyə bir addım daha yaxın olduqlarını göstəriblər. Onların bilikləri möhkəmlənib, təcrübələri artıb, özlərinə və seçdikləri yola olan inamları daha da güclənib.

Bütün bunlar göstərib ki, pedaqoji təcrübə — müəllimliyə gedən yolda ən vacib körpüdür. Bu körpüdən uğurla keçən hər bir tələbə sabahın işıqlı siniflərində öz şagirdlərinə yol göstərəcək əsl müəllimə çevriləcəkdir.

Müəllimlik isə sadəcə qayda öyrətmək deyil. Bu, yol göstərmək, hiss etmək, şəfqət göstərmək, hörmət qazanmaq, sevilmək və ilham verməkdir. Təcrübə bunu göstərib: Kitabların öyrətdiyi ilə ürəyin hiss etdiyini birləşdirə bilən tələbə artıq müəllimliyə ilk addımını atıb.

 

 

Fil.f.d., dos. Xuraman Səlim qızı Əsgərova

ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri