Jalə Qəribova: “Elmi-mədəni əlaqələr tərəfdaşlıq və dostluq münasibətlərinin sütunu kimi vacib rol oynayır”

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ilə müsahibəni təqdim edirik.
- Jalə xanım, xoş gördük. Bildiyimiz kimi bu yaxınlarda Azərbaycan Dillər Universitetinin rəhbərliyinin təşəbbüsü ilə Macarıstanın ELTE Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olub. ELTE Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması özündə hansı perspektivləri ehtiva edir?
- Xoş gördük. ELTE Universiteti Macarıstanın ən qədim və ən böyük universitetlərindən biridir. Burada Azərbaycan dilinə və mədəniyyətinə xüsusi maraq və diqqət var. Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması bizə bir sıra layihələrin, proqramların həyata keçirilməsi üçün əlverişli imkanlar yaradacaq.
Mərkəzdə Azərbaycan dilini davamlı olaraq tədris etmək üçün müəllimlərin göndərilməsi, tələbələrin ADU-ya dəvət olunması, elmi araşdırmaların, doktorantların mübadiləsi önəmli məsələlərdi. Mərkəzin açılışında ELTE Universitetinin rektoru Laslo Borhi, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma da iştirak edirdi. Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyəti qarşılıqlı elmi, mədəni əlaqələrin qurulması və müxtəlif elmi layihələrin həyata keçirilməsi perspektivləri baxımından çox faydalıdır.
- ELTE Universitetində ADU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyəti ölkələr arasında olan sıx tərəfdaşlıq və dostluq münasibətlərinə hansı töhfələri verə bilər?
- Bu gün Azərbaycanla Macarıstan arasında dövlət səviyyəsində böyük əlaqələrin, yaxınlaşmanın şahidi oluruq. Elmi, mədəni əlaqələrin qurulması ölkələr arasında olan sıx tərəfdaşlıq və dostluq münasibətlərinin sütunu kimi vacib rol oynayır. Bu çox önəmlidir. Çünki elmi araşdırmalar, elmi əlaqələr üzərində qurulan münasibətlər çox faydalı və dayanıqlı olur. Mərkəzin fəaliyyəti Azərbaycanla Macarıstan arasında elmi mübadilələrin artırılmasına, inkişafına çox böyük dayaq olacaqdır.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu xarici ölkə universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması və həmin universitetlərin dil və mədəniyyət mərkəzlərinin paralel şəkildə ADU-da fəaliyyət göstərməsi təşəbbüsü ölkələr arasında elmi, mədəni körpülərin qurulması baxımında mühüm əhəmiyyətə malikdir.
- Xarici ölkə universitetlərində dil və mədəniyyət mərkəzlərinin açılması ADU-nun beynəlxalq reytinqinə necə təsir göstərir?
- Universitetlərin beynəlxalq reytinqlərinin müəyyənləşməsində vacib rol oynayan amillərdən biri də onun xarici universitelər tərəfindən topladığı səslərin sayıdır. Universitetlərin reytinqlərinin müəyyənləşməsi zamanı onun kənardan necə görünməsi faktoruna diqqət edilir. Mərkəzlərin açılması və fəaliyyəti də universitetimizin tanıdılması, elmi əməkdaşlıq əlaqələrinin qurulması, əməkdaşlıq münasibətlərinin yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Mərkəzin resurs fondunun formalaşması, zəngin kitabxanasının olması Azərbaycanı tanımaq və onun mədəniyyəti ilə daha yaxından tanışlığa imkanı verir. ADU rəhbərliyinin xüsusi önəm verdiyi məsələlərdən biri də universitetlərin birgə elmi konfransların keçirilməsi, mərkəzlər üzərində universitetlərlə əlaqələrin qurulması məsələləridir. Biz də bu istiqamətdə qarşımıza qoyduğumuz məqsədlərə çatmağa çalışırıq.
- Elte Universiteti ilə elmi əməkdaşlıq çərçivəsində hansı görüşlər keçirildi?
- Səfər zamanı bir sıra elmi, mədəni görüşlər keçirildi. Türk araşdırmaları departamentinin müdiri, tanınmış türkoloq alim Benedik Peri ilə görüşümüz baş tutdu. Görüş zamanı qarşılıqlı elmi əməkdaşlıq ətrafında müzakirələr aparıldı. Daha sonra müxtəlif kafedraların əməkdaşları ilə görüşlər keçirildi. Sanskrit dilinin tədrisi ilə bağlı müzakirələr aparıldı. Macarıstanda fəaliyyət göstərən “Azərbaycan evi”nin nümayəndələri ilə görüşlər keçirildi. Bütün bu görüşlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı mühüm məsələlərə toxunuldu. Azərbaycanda təhsil almış ilk macar tələbə, professor Mariya Keneşi Macarıstanda Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının son dərəcə sevindirici bir hadisə olduğunu söylədi. Daha sonra digər universitet əməkdaşları ilə qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində gələcək layihələrlə bağlı fikir mübadilələri aparıldı.
- ADU ilə əlaqələrin qurulmasında ELTE Universitetinin maraqlarını necə qiymətləndirirsiniz?
- Macarıstanlı professor Benedek Peri də qeyd edir ki, Azərbaycanda bizi sevirlər, Macarıstanı sevirlər, niyə də Macarıstanda Azərbaycanı daha yaxından tanıtmayaq?! Bu çox önəmlidir.
Bizim təcrübəmiz göstərir ki, Azərbaycan haqqında fikirlər xarici ölkə universitetlərindən gələn tələbələrin, müəllimlərin, alimlərin buradan aldığı təəssüratlarla nə qədər dəyişir, zənginləşir. Hesab edirəm ki, ELTE Universiteti ADU ilə əlaqələrin qurulmasına yüksək qiymət verir və bu qarşılıqlı elmi əməkdaşlıq baxımından zəruri məsələdir.
Qeyd edim ki, universitetlərimiz arasında əməkdaşlıq əlaqələrinin yaradılması prosesinin əsası bir neçə il əvvəl qoyulmuşdur. Bu əlaqələrin qurulmasında həm Azərbaycanın Macarıstandalə səfirliyinin, xüsusən səfir Tahir Tağızadənin, həm də Macarıstanın Azərbaycandakı səfirliyinin, şəxsən səfir Tamaş Tormanın və birinci katib, təhsil və mədəniyyət məsələləri üzrə ataşe xanım Monika Felföldinin böyük əməyi olmuşdur. Bu əlaqələrin təşəbbüskarlarından olan yuxarıda adını çəkdiyim professor Benedek Perinin, eləcə də Macarıstanın ölkəmizdəki səfirliyinin təhsil və mədəniyyət məsələləri üzrə keçmiş attaşesi cənab Mihay Qruberin xidmətlərini də xüsusi olaraq qeyd etmək istərdim.
- ELTE Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı hansı yeniliklərin olması gözlənilir?
- Bir neçə ildir ki, beynəlxalq əlaqələrin qurulması istiqamətində əməkdaşlıq etdiyimiz ELTE Universitetində Azərbaycan dilinin və mədəniyyətinin öyrədilməsi, tədrisi ilə bağlı müzakirələr aparılır. Burada tələbələr “Türkologiya”nın alt qrupu kimi məhz “Azərbaycanşünaslıq” fənninin tədrisinə də cəlb olunur. Mərkəzin elmi resurslarını zənginləşdirilməsi üçün tələbələrə müxtəlif dərs vəsitləri, kitablar təqdim olunur. Bu da tələbələrin Azərbaycan dilini və mədəniyyətini daha dərindən öyrənməsi üçün əlverişli şərait yaradır. Yeniliklər isə bundan ibarətdir ki, əməkdaşlığımız çərçivəsində tələbələrin mübadilə proqramlarında, müxtəlif konfranslarda, elmi seminarlarda iştirakı ilə bu sahədə yeniliklərə imza atılacaq.
- Jalə xanım, ADU-nun həm Azərbaycan, həm də Macarıstan ədəbiyyatının tanıdılması, təbliği istiqamətində iki ölkə arasında aparılan ədəbi-bədii tərcümənin rolunu necə qiymətləndirisiniz?
- Təbii ki, ADU ölkə mədəniyyətlərin, ədəbiyyatlarının tanıdılması, təbliği istiqamətində tərcümə sahəsində mühüm işlər görməkdədir. Bu mənada Macarıstandan olan həmkarımız Benedek Perini misal çəkə bilərəm. Macarıstanlı professor Benedek Perini Füzulinin “Bəngü-badə” əsərini macar dilinə tərcümə edib. Bu da xalqların ədəbiyyatının tanıdılması baxımında çox önəmlidir. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Kamal Abdulla və Mariya Keneşinin “Gəlin Azərbaycan dilində danışaq. Ölkə və onun dili” kitabı Budapeştdə çap olunub. Bu da çox önəmli hadisədir. Azərbaycan dilini universitet səviyyəsində və müstəqil şəkildə öyrənənlərə kömək məqsədi ilə hazırlanmış kitaba, eyni zamanda, ölkəmizin qədim və müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, dövlətçilik institutları, Azərbaycan-Macarıstan əlaqələri haqqında məlumatlar da əlavə edilmişdir.
- Siz xarici tələbələrlə tez-tez ünsiyyətdə olursunuz. Onların Azərbaycan dilinə, mədəniyyətinə, multikultural dəyərlərinə münasibətlərini necə qiymətləndirirsiniz?
- Xalqların bir-biri ilə qarşılıqlı hörmət, tolerantlıq və sülh şəraitində yaşaması, elmi, mədəni əlaqələr qurması, bir-birinin dilini, mədəniyyətini, tarixini öyrənməsi məhz elmi, mədəni təşəbbüslərin böyük əhəmiyyəti var. Azərbaycan dilini, mədəniyyətini öyrənən xarici ölkə tələbələri böyük sevgi və maraqla Azərbaycanda yaşamaq, təhsil almaq istəyir.
Çin, Amerika, Afrika ölkələrindən yay məktəblərində iştirak edən tələbələrin hər biri Azərbaycanda daha uzun müddət qalmaq, ölkəmizi, xalqımızı, mədəniyyətimizi daha yaxından tanımaq istəyir.
Bildiyiniz kimi, mədəniyyətlərin qarşılıqlı öyrənilməsi, toplumların bir-birinə maraq göstərib bir-birinin dilini, ənənələrini öyrənmək arzusu son nəticədə harmonik və sağlam birgəyaşayışa, eyni zamanda davamlı sülhə xidmət edir. “Yumşaq güc” dediyimiz də elə budur.
- ADU-nun beynəlxalq əlaqələrinin qurulmasında hansı prinsiplərə və strategiyalara üstünlük verilir?
- ADU-nun beynəlxalq əlaqələrinin qurulması düşünülmüş və planlaşdırılmış bir mexanizm ətrafında həyata keçirilir. Universitetlərin bir işi əvvəlcədən düşünməkdir. Yeniliyə, inkişafa can atmaqdır. Bu mənada ADU beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verir.
- Təşəkkür edirəm, Jalə xanım.
- Buyurun, uğurlar!
Söhbətləşdi: Tural Cəfərli
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı