XƏBƏRLƏR

Akademik Muxtar İmanov - 70

27 may, 2025

Mayın 28-də Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Muxtar Kazım oğlu İmanovun 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitetinin kollektivi adından yubilyarı təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!    

Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib, 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirib, 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin - “Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011),  “Epos. Nəsr. Problemlər” (2011), “Portretlər” (2013),  “Folklor həm keçmiş, həm də bu gündür” (2014),  “Sənət qayğıları” (2015),  “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” (2017), “Söz haqqında söz” (2020) və  200-dən artıq elmi məqalənin, eləcə də çoxsaylı publisistik yazıların müəllifidir.

Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən "Bu yurd bayquşa qalmaz" (1995), "Zəngəzur folkloru" (Azərbaycan folkloru antologiyası. VII kitab. 2005), "Şərur folklor örnəkləri" (I kitab, 2016), "Gədəbəy folklor örnəkləri" (I kitab, 2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (2012–2017) və 10 cildlik "Güney Azərbaycan folkoru" (2013–2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biridir.

Muxtar İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2015), AMEA Rəyasət Heyətinin Fəxri fərmanı (2015), Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Mahmud Kaşğari" medalı (2018), Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı (2018), "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (2019), "Aşıq Ələsgər 200" yubiley medalı (2021) və Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.