XƏBƏRLƏR

 “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

23 may, 2025

 

23 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “İstiqlalımızın təntənəsi: Tarix, kimlik və mədəniyyət” adlı tədbir keçirilib. Qiraət zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini, müstəqillik uğrunda aparılan mübarizəni və azərbaycançılıq ideologiyasını universitet əməkdaşlarına və gənclərə aşılamaq olub.

Açılış nitqi ilə çıxış edən aparıcı Elşən Hüseynli 28 May tarixinin Azərbaycan dövlətçiliyində tutduğu mühüm yerə diqqət çəkib. Ardınca Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dövlət atributlarının formalaşması və istiqlal mübarizəsinin əsas simaları haqqında hazırlanmış qısa videoçarx nümayiş etdirilib.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva çıxışında 1918-ci il 28 may tarixində Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının xalqımızın dövlətçilik tarixində əlamətdar hadisə olduğunu vurğulayıb. O, həmçinin Cümhuriyyət ideyalarının bu gün də aktual olduğunu bildirib.

Qafqazşünaslıq kafedrasının müdiri dos. Xatirə Hacıyeva, Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva və Qafqazşünaslıq kafedrasının müəllimi dos. Şəlalə Bağırova çıxış ediblər. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraiti, ilk dövlətçilik addımları və qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olması kimi mühüm məqamları diqqətə çatdırıblar.

Tələbələr – Əsgərova Ülkər, Xanlarova Günay, Mustafayeva Zəhra və Kərimov Kənan istiqlal tariximiz, milli liderlərin rolu və dövlətçilik ideologiyası barədə təqdimatlarla çıxış ediblər. Onların elmi yanaşması və vətənpərvərlik ruhu tədbirə xüsusi rəng qatıb.

Tədbirdə Türkiyədən “Hakkari Türkiyə Gənclər Mərkəzi”nin 18 nəfərlik nümayəndə heyəti də iştirak edib. Psixoloq Reşit Güldal çıxışında gənclərin tarixi hadisələri emosional və psixoloji baxımdan mənimsəməsinin milli kimliyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, “Bir millət, iki dövlət” fəlsəfəsinin Azərbaycan və Türkiyə gəncləri arasında möhkəm qardaşlıq bağları yaratdığını qeyd edib. Bu mesaj iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.

Sonda tədbirin təşkilatçılarına, çıxış edən müəllim və tələbələrə, eləcə də qonaqlara təşəkkür bildirilib. Qeyd olunub ki, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə heç vaxt unudulmamalı və gələcək nəsillərə ötürülməlidir.