“Multikulturalizmə giriş” fənninin tədrisi metodikasına dair dəyirmi masa keçirilib

Mayın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq və Multikulturalizm Mərkəzi, Fəlsəfə və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “Multikulturalizmə giriş” fənninin tədrisi metodikasına dair dəyirmi masa keçirilib.
Tədbiri Azərbaycanşünaslıq və Multikulturalizm Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Loğman Rəşidzadə açaraq bildirib ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər siyasi fəaliyyətini yorulmadan bu sərvətin qorunması və əbədi yaşamasına sərf etmişdir.
Loğman Rəşidzadə qeyd edib ki, hazırda ali məktəblərin həm bakalavr, həm də magistr pillələrində tədris edilən “Multikulturalizmə giriş” fənni tələbələri bəşəri mədəniyyət və sivilizasiya haqqında zəngin məlumatlar, etnik azlıqlar və onların tarixi-ənənəvi mədəniyyətləri, ümumbəşəri mahiyyət kəsb edən bir sıra mühüm dəyərlərlə tanış edir. Qlobal müstəvidə dünyanın siyasi mənzərəsini xarakterizə etmək, hadisələri real qiymətləndirmək və bu kontekstdə multikulturalizmin rolunu müəyyənləşdirmək gənclərdə cəmiyyətin bütün dini-irqi azlıqlarına qarşı tolerant münasibəti formalaşdırır.
ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri Ədalət Abdıyeva tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, ümumbəşəri dəyərlərə və ideyalara söykənən “Multikulturalizmə giriş” fənni cəmiyyətdə yaşayan etnik azlıqların hüquq və azadlıqlarının təmin edilməsi, onlara məxsus maddi və mənəvi dəyərlərin tanınması və qorunması yollarının öyrənilməsi istiqamətində mühüm elmi bazadır. Bu konteksdə gənc nəsildə milli özünüdərk, vətənpərvərlik, insanpərvərlik və s. müsbət keyfiyyətlər formalaşaraq inkişaf edir. Beləliklə, geniş təfəkkürə və dünyagörüşünə, yüksək mədəni-əxlaqi keyfiyyətlərə malik intellektual şəxsiyyət nümunəsinin formalaşdırılmasına nail olunur.
Dəyirmi masada çıxış edən dosent Leyla Hacıyeva, dosent Şükufə Cabbarova, Nuranə Məmmədova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Tahirə Ələsgərova bildiriblər ki, “Multikulturalizmə giriş” fənninin tədrisi həm tələbələrin dünyagörüşünün yüksəldilməsi baxımından, həm də müasir dövrün məntiqindən doğan zərurətdir. Bu fənnin tədrisi tələbələrdə vətənpərvərlik, humanizm, milli-mənəvi dəyərlərimizə sevgi, başqa dinlərə, irqlərə, etnik qruplara tolerant münasibət, milli birlik və ümumbəşəri həmrəylik hissləri tərbiyə edir, həyata böyük ideallar mövqeyindən yanaşmağı öyrədir.





