XƏBƏRLƏR

ADU-da “Atatürk və Gənclik: İrəliyə Baxış” adlı tədbir keçirilib

20 may, 2025

19 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “Atatürk və Gənclik: İrəliyə Baxış” adlı tədbir keçirilib. Tədbir ADU-nun Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müəllimləri Fidan Ələsgərova və Aygün Soltanzadənin təşəbbüsü ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın müəllimi Aygün Soltanzadə 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramının tarixi əhəmiyyəti və mahiyyəti barədə danışıb. O, Mustafa Kamal Atatürkün Samsuna çıxışı və bu hadisənin Türkiyə tarixindəki dönüş nöqtəsi olduğunu vurğulayıb.

Tədbirdə Türkiyəşünaslıq ixtisası üzrə təhsil alan 381-ci qrupun tələbələri- Sara Məmmədova və Eldar Əlizadə “Atatürkün yol xəritəsi” mövzusunda təqdimatla çıxışında Atatürkün həyatındakı mühüm məqamlar haqqında məlumat veriblər.

Daha sonra Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının baş müəllimi, Test Mərkəzinin müdiri Fidan Ələsgərova “Mustafa Kamalın kağnısı” adlı şeirlə çıxış edib.

Tədbir Türkiyəşünas tələbələrin hazırladığı kiçik səhnəciklə davam edib. Səhnəcikdə Atatürkün həyata keçirdiyi islahatlar canlandırılıb. Səhnədə iştirak edən tələbələr: 478-ci qrupdan Mehman Gülalıyev, 381-ci qrupdan Sara Məmmədova və Zərifə Cəfərova, 286-cı qrupdan Günel Muradlı və Aygül Camalova, 187-ci qrupdan İmaməli Çingiz olub.

Tədbir zamanı Qurtuluş savaşının simvolik yeməklərindən olan çiğköfte 187-ci qrup tələbəsi Riad Məmmədli tərəfindən hazırlanıb.

Türkiyəşünas 286-cı qrup tələbəsi Vüqar Əlizadə öz qələmə aldığı “Ben Türk milletiyim” adlı şeiri səsləndirib. Ardınca 381-ci qrupdan Zeynəb Qasımova və 187-ci qrupdan İmaməli Çingiz Türkiyədə gənclik və idmanla bağlı son illərdə qəbul edilən qanunlar haqqında məlumat veriblər.

187-ci qrupdan Aygün Əliyeva isə Atatürkün sevdiyi içki olan türk qəhvəsinin tarixi haqqında danışıb və tədbir iştirakçıları üçün türk qəhvəsi hazırlayıb.

Sonda 381-ci qrupdan Zeynəb Qasımova və 187-ci qrupdan Əlövsət İbrahimovun təqdim etdiyi reyhani rəqsi, 187-ci qrup tələbələri Aysun Fətəlizadə və Tuqay Əyyubovun ifasında zeybek rəqsi tədbirə rəng qatıb.

Tədbir BMR fakültəsinin dekanı professor İbrahim Kazımbəylinin Atatürk haqqında yekun çıxışı ilə başa çatıb.